SON XƏBƏRLƏR

“Silvə” bəndinin suyu Urmu gölünə axıdılacaq

2021.10.20, 07:36
“Silvə” bəndinin suyu Urmu gölünə axıdılacaq

Gunaz.tv

GünAz TV: Uzun müddətdir böhran içində olduğundan 95 faizi quruyan Urmu gölünə ətrafdakı bəndlərdən su axıdıla bilər.

 

Bu barədə dekabrın 21-də “Fars” xəbər agentliyinə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur məlumat verib.

 

O bildirib ki, Energetika və Kənd Təsərrüfatı nazirləri, həmçinin parlament Sədrinin razılığı ilə çox yaxın zamanda “Silvə” bəndinin suyu Urmu gölünə axıdılacaq.

 

Millət vəkili “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda ötən günlərdə parlamentdə Urmu gölü ilə bağlı keçirilən konfransa işarə edərək bildirib ki, “konfrans parlamentin sədri Əli Laricani, Energetina və Kənd Təsərrüfatı nazirləri, həmçinin 3 prezident müavininin iştirakı ilə keçirildi. Konfransda “Silvə” bəndinin suyunun buraxılacağı barədə qərar verildi. Həmçinin bildirildi ki, Urmu gölünə tərəf axan çayların suyundan həddindən artıq istifadə olunmasın və Urmu gölünün payına düşən çay suları gölə tərəf axıdılsın.”

 

N.Qazipur həmçinin bildirib ki, “konfransda Urmu gölü bölgəsində əkinçiliklə məşğul olan insanların adambaşına düşən illik gəlirlərinin artırılması və onların yeni işlərlə təmin olunmasına təkid edildi.”

 

Urmiyənin millət vəkili dekabrın 19-da bir video yayaraq parlamentdə keçirilən konfransın təfərrüatı barədə məlumat vermişdir.

 

Qeyd edək ki, Urmu gölündə böhran uzun illər öncə başlayıb, gölün artıq 95 faizi quruyub, onun sulu sahəsi inanılmaz şəkildə kiçilərək yox olmaq üzrədir. Gölün yenidən bərpası ilə bağlı başda prezident Həsən Ruhani olmaqla bir çox yüksək rütbəli vəzifəli şəxslər dəfələrlə vəd veriblər, lakin gölün vəziyyəti gərgin olaraq qalır, bu istiqamətdə hərhansı əməli tədbir görülməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar