SON XƏBƏRLƏR

Şimali Qafqazda atəş səsləri güclənir. Üç respublika gərginlik içindədir

2021.10.20, 07:36
Şimali Qafqazda atəş səsləri güclənir. Üç respublika gərginlik içindədir

Gunaz.tv
Şimali Qafqazda atəş səsləri güclənir Üç respublika gərginlik içindədir Şimali Qafqazda vəziyyətin gərginləşməsini artıq gizlətmək mümkün deyil. Konkret olaraq Çeçenistan və Dağıstanda mücahidlərlə hüquq-mühafizə orqanları arasında döyüşlər baş verir. İnquşetiyada da situasiyanın getdikcə ağırlaşdığı barədə məlumatlar yayılır. Çeçenistanın rəhbəri Ramzan Kadırovun vəziyyətin tam nəzarət altında olduğu barədə bəyanat verməsinə artıq Kremldə də inanmırlar. Hökumət isə Putinin başçılığı ilə keçirdiyi növbəti toplantıda Çeçenistana külli miqdarda maliyyə ayrılması haqqında qərar qəbul edib - 200 milyard manat. Bu qədər vəsait Putinin sözünə görə, respublikanın yeni səviyyədə bərpası üçün kifayətdir. Ancaq hökumətin bu qərarı vəziyyəti heç dəyişməyib. Mücahidlər meşələrdən çıxaraq Federal qüvvələrə hücumlar edir, onlara tələ qururlar. Bu tələlərdən biri Vedeno rayonu ərazisində qurulub və bir neçə milis həlak olub. Bu kimi hücumların davam etdiyi bildirilir. Şimali Qafqazda qəfildən vəziyyətin bu istiqamətdə ağırlaşması təsadüf kimi qəbul edilmir. Ekspertlərin fikrincə, bu, daha çox Rusiya Federasiyasında dövlət quruluşu ilə bağlı özünü göstərməkdə olan ziddiyyətlərlə bağlıdır. Rəsmi Moskva muxtar respublikalarda prezidentlik postunu ləğv etməyə hazırlaşır. Buna ilk olaraq Tatarıstandan təpki gəldi. Ardınca da Şimali Qafqazda üç respublikada kriminal durum gərginləşdi. Əgər muxtar respublikalarda prezident postu ləğv edilib, Moskvadan canişinlərin təyini modeli keçsə, xalqlar bir neçə il əvvəl əldə etdikləri bəzi müstəqillik elementlərini itirmiş olacaqlar. Yerlərdə idarəçilik tamamilə Moskvanın ixtiyarına keçəcək. Bu da respublikalarda artıq kök salmış bir neçə sosial təbəqənin əlindən bəzi hüquqların çıxması deməkdir. Təbii ki, onlar buna dözməzlər. Üstəlik, Çeçenistanla bağlı vəziyyət daha qəlizdir. Məsələ ondan ibarətdir ki, Çeçenistanda Cövhər Dudayevin tərəfdarları azadlıq üçün savaşdılar, Əhməd Kadırov isə çeçenlərə "daha konstruktiv azadlıq verə biləcəyini", deyərək onlara qarşı mübarizəyə qalxmışdı. O, dudayevçiləri Qərbə işləməkdə və çeçen xalqını fəlakətə aparmaqda ittiham edirdi. İndi məhz Ramzan Kadırovun təbliğ etdiyi Kremlin çeçenlərin bir sıra hüquqlarını əllərindən almaq istəməsini insanlara heç cür izah etmək mümkün olmayacaq. Artıq Kadırov Kremlin azadlıq vermək istəyi barədə danışa bilməyəcək. Həm də onun özünün də bir çox imtiyazları əlindən alınmış olur. Ona görədir ki, bütün bunlara Şimali Qafqaz respublikalarındakı elitar təbəqənin dözəcəyini gözləmək artıqdır. Hər bir halda indi orada vəziyyət getdikcə Federal qüvvələrin nəzarətindən çıxmaqdadır. Şimali Qafqaz respublikalarının bir neçəsində oxşar prosesin getməsi zəncirvari olayların başladığını təsdiq edir. Bu dəfə məsələ təkcə Çeçenistan olmayacaq. Çox güman ki, rəsmi dairələrə müxalif olanlar bir neçə respublikada müqavimət təşkil edərək həm məsələni bir hədəfdən yayındırırlar, həm də Federal qüvvələrin gücü bir yerə toplamasına imkan vemirlər. Beynəlxalq aləm də indi təkcə çeçen məsələsindən danışmayacaq. Söhbət ümumiyyətlə, Şimali Qafqaz xalqlarının mübarizəsindən gedəcək. Bu da beynəlxalq aləmdə Rusiyanın mövqeyini xeyli zəiflətmiş olur. Başqa tərəfdən, Rusiyanın Güney Qafqazdakı münaqişələrə təsirində problemlər yaranır. Çünki özü abxaz və ya osetinlər üçün müstəqillik tələb edirsə, eyni haqqın çeçenlərə, inquşlara, dağıstanlılara, qaraçaylara, çərkəzlərə nəyə görə verilməməsini əsaslandıra bilməz. Rusiya həmişə bu ziddiyyətdən əziyyət çəkəcək. Rəsmi Moskva Abxaziyaya daha çox müstəqillik tələb edirsə, Tatarıstanda prezidentlik postunu ləğv edib, ora canişin göndərmək siyasətini təlatümsüz həyata keçirə bilməz. Bu uyğunsuzluq həmişə özünü müxtəlif aspektlərdə göstərəcək. Bunlar onu göstərir ki, Şimali Qafqazda başlanan kriminal gərginlik uzun sürə bilər. Bu da bütövlükdə Qafqaz bölgəsini gərginliyə sürükləyər. O cümlədən, Qafqazın cənub hissəsinə də təsir göstərə bilər. Təbii ki, bu, arzuolunan hal deyil. Bu bölgənin gərginliyə düçar olması ilə dünya miqyasında təhlükəsizlik sistemi laxlamış olur. Bu baxımdan Qərbin Şimali Qafqazda baş verənlərə münasibəti maraq doğurur. Hələlik isə oradan hər hansı bir münasibət bildirilmir. Bu susqunluğun mənasını başa düşmək çətindir. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar