SON XƏBƏRLƏR

Siyamək Mirzayi aclıq aksiyasının 17-ci günündə

2021.10.20, 07:36
Siyamək Mirzayi aclıq aksiyasının 17-ci günündə

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanının təknəfərlik kamerasında aclıq aksiyası keçirməkdə olan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin vəziyyəti barədə heç bir məlumatın olmaması onunla bağlı nigaranlığı artırıb.


Aclıq aksiyasının 17-ci gününü keçirməkdə olan fəal ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir, onun yaxınları ilə görüşünə qadağa qoyulub.


Siyamək Mirzayi sonuncu dəfə iyulun 5-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayıb.


Güney azərbaycanlı fəal 3 illik həbs müddətini Tehranın Evin zindanında başa vurmasına baxmayaraq azadlığa buraxılmır, o Ettelaat Nazirliyinin nəzarətində olan zindanının 209-cu korpusuna intiqal edilib.


Fəal təhlükəsizlik orqanları və məhkəmə məsullarının qanunsuz qərarına etiraz olaraq iyulun 1-dən aclıq aksiyası keçirir.


Siyamək Mirzayi 2016-cı il iyunun 24-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub. Lakin məhkəmə məsulları təyin olunan vəsiqəni qəbul etməkdən imtina edir və bu şəkildə fəalın azadlığa buraxılmasına maneçilik yaradırlar.


Məhkəmə azərbaycanlı fəala qarşı irəli sürdüyü “sistemin əleyhinə təbliğat aparma” ittihamının “sübutlar”ı kimi, onun həbsxanadan Abbas Lisani və digər fəallarla telefon əlaqəsi saxlaması və aclıq aksiyası keçirməsini göstərib.


Fəal irəli sürülən ittihamı saxta və əsassız adlandırıb və bildirib ki, bu, təhlükəsizlik qüvvələri tərəfindən ona təzyiq göstərilməsi və azadlığa çıxmasının qarşısının alınması üçün təşkil edilən yeni oyundur.


Azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar