SON XƏBƏRLƏR

Siyamək Mirzayi saxlandıqdan 40 ay sonra məzuniyyətə çıxıb – VİDEO

2021.10.20, 07:36
Siyamək Mirzayi saxlandıqdan 40 ay sonra məzuniyyətə çıxıb – VİDEO

Gunaz.tv

GünAz TV: Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb.

 

Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn S.Mirzayi çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanıb.

 

https://www.youtube.com/watch?time_continue=68&v=jWMneSzAWMw

 

S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanının 209-cu korpusuna intiqal edilib. Azərbaycanlı fəal öncə Tehranın Baharistan İnqilab Məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq kimi qondarma ittihamla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum etmişdir.

O yeni saxlandığı zaman 4 ay müddətinə təknəfərlik kamerada işgəncələr altında sorğu-suala tutulub.

 

S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə olundu. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir. Fəal həbs müddətindən 1 ay artıq saxlanıldı, o bir ayın 20 gününü Evin zindanının 209-cuu bölümündə keçirdi. Fəal bu müddətdə azadlığa buraxılmamasına etiraz olaraq aclıq etmişdir.

Nəhayət ki, o bir çox manelərdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Evin zindanından azad edildi və iyulun 28-də məhkəmənin qərarı ilə Cənubi Xorasan Əyalətində yerləşən Qain şəhərinə sürgünə göndərildi. Fəal əvvəlki hökmə görə Təbəs şəhərinə sürgün edilməli idi, lakin həbsxanadan buraxıldıqdan sonra Baharistan məhkəməsi onun Qain şəhərinə sürgün edilməsi barədə qərar qəbul etmişdir.

 

39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ötən illərdə ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

Düzəliş

Xatırladaq ki, oktyabrın 29-da saytımızda Siyamək Mirzayinin sürgün müddətinin başa çatdığı barədə xəbər yayılmışdır. Yanlış məlumat nəticəsində yayılan xəbər həqiqəti əks etdirmir. Güney azərbaycanlı fəal sadəcə məzuniyyətə buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar