SON XƏBƏRLƏR

Siyamək Mirzayinin Evin zindanından məzuniyyətə çıxmasına imkan verilmir

2021.10.20, 07:36
Siyamək Mirzayinin Evin zindanından məzuniyyətə çıxmasına imkan verilmir

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayinin məzuniyyətə buraxılmasına qarşı maneçilik törədilir.

 

Məlumata görə, zindana nəzarət edən məhkəmə və təhlükəsizlik məsulları yanvarın 24-də fəalın məzuniyyət tələbini rədd edərək mərhum atasının 40 mərasimində iştirak etməsinə icazə verməyiblər. Fəala atasının dəfn mərasimində iştirak etməyə də icazə verilməmişdir.

 

Bütün bunlar İran qanunlarına ziddir. Məhkəmə və zindan qanunlarına görə, məhbuslar yaxın qohumlarının ağır xəstəliyə düçar olduğu və ya vəfat etdiyi zamanı prokurorun verdiyi icazə əsasında məzuniyyətə buraxılmalıdır.

 

Siyamək Mirzayinin bundan əvvəl də hüquqları kobud şəkildə pozulub. O 2016-cı ildə 4 aylıq saxlanma müddəti bitdikdən sonra 1 milyard tümənlik mülki vəsiqə girov qoyaraq azadlığa çıxmaq istədi, lakin Evin zindanı məsulları onun qanuni tələbini təmin etməkdən imtina etdilər.

 

Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qurum yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

 

Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar