SON XƏBƏRLƏR

“Standard Chartered” bankı İran sanksiyalarını pozduğuna görə, 1 milyard 60 milyon dollar cərimə edilib

2021.10.20, 07:36
“Standard Chartered” bankı İran sanksiyalarını pozduğuna görə, 1 milyard 60 milyon dollar cərimə edilib

Gunaz.tv

GünAz TV: İngiltərənin “Standard Chartered” bankı rəsmi Vaşinqtonun bir neçə ölkəyə, xüsusən də İrana qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə, Amerika və Britaniya hökumətinə ümumilikdə 1 milyard 60 milyon dollar cərimə ödəməyə razı olub.

 

Bununla bağlı aprelin 9-da bankın rəsmi veb saytında məlumat dərc edilib. Məlumata əsasən, bank son 6 il ərzində maliyyə pozuntuları üzrə qaldırılmış cinayət işində Amerika və Britaniyanın dövlət orqanları ilə əməkdaşlıq edib və bank sistemində hər növ pozuntuların qarşısını almaqla bağlı öhdəlik götürüb.

 

Nyu York ştatının Maliyyə Xidmətləri İdarəsi cərimənin səbəbinin bankın London və Dubayda yerləşən şöbələrinin 2007-2014 cü illər ərzində maliyyə pozuntularına yol vermələri olduğunu bildirib. Bu iki şöbədə təqribən 600 milyon dollar həcmində qeyri-qanuni pul köçürmələri həyata keçirilib.

 

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi məsələ ilə bağlı məlumat yayaraq, “Standard Chartered” bankının 1 əməkdaşının təqsirli bilindiyini, 1 iranlının isə qiyabi formada mühakimə edildiyini elan edib.

 

Kəsilmiş cərimədən 133 milyon dollarının Britaniya hökumətinə, qalan məbləğin isə Amerikanın müxtəlif qurumlarına ödəniləcəyi gözlənilir.

 

Amerika Maliyyə Nazirliyinin yaydığı bəyanatda isə qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən, bank bundan sonra öz fəaliyyətlərini davamlı olaraq dəyərləndirmək və əməkdaşlarına sanksiyalarla bağlı təlimlər vermək öhdəliyi götürüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar