SON XƏBƏRLƏR

Statistik rəqəmlər Şərqi Azərbaycanda real işsizlik səviyyəsini əks etdirmir - Təbriz Ticarət Palatası İdarə Heyətinin üzvü

2021.10.20, 07:36
Statistik rəqəmlər Şərqi Azərbaycanda real işsizlik səviyyəsini əks etdirmir - Təbriz Ticarət Palatası İdarə Heyətinin üzvü

Gunaz.tv

GünAz TV: “Gəlin insanları yalan məlumatlarla aldatmayaq. Statistik rəqəmlər Şərqi Azərbaycanda real işsizlik səviyyəsini əks etdirmir.”

 

Bu sözləri Təbriz Ticarət Palatasının İdarə Heyətinin üzvü Cəmşid Bərzgər iyunun 28-də ölkə iqtisadiyyatının durumu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

 

“Milli mənafe gözardı edilməməlidir. Əhalini yalan məlumatlarla aldatmaq doğru deyil. Məsullar Şərqi Azərbaycanda işsizlik səviyyəsinin 5 faiz olduğunu deyir. Onlar elə danışır ki, sanki bu əyalətdə ümumiyyətlə işsizlik problemi yoxdur. Bu düzgün yanaşma deyil. Millət vəkilləri özləri açıq-aşkar bildirir ki, onlara müraciət edənlərin əksəriyyətini işsiz gənclər təşkil edir.

Ölkə üzrə 12 milyon insanın işsiz olduğunu demək mümkündür. Halbuki, İran Statistik Mərkəzi 4-6 milyon nəfərin işsiz olduğunu açıqlayıb. Bu məsələ ilə bağlı Büdcə və Planlaşdırma Təşkilatı və Mərkəzi Bank da fərqli hesabatlar təqdim edib. Bütün bunlar göstərir ki, ölkədə statistik məlumatlarda şəffaflıq yoxdur”- deyə o bildirib.

 

Statistik məlumatların həqiqəti əks etdirmədiyindən şikayətlənən Cəmşid Bərzgər bu məsələdə kütləvi informasiya vasitələrindən dəstək istəyərək onları həqiqəti əks etdirən məlumatları yaymağa çağırıb.

 

Təbriz Ticarət Palatasının İdarə Heyətinin üzvü sözlərinin davamında qeyd edib ki, “kimsə Şərqi Azərbaycanda fəaliyyətini dayandırmış və ya yarı fəal istehsal müəssisələrinin sayını açıqlaya bilməz. Hətta Sənaye, Mədən və Ticarət Təşkilatı, həmçinin Şərqi Azərbaycan Valiliyi belə bu barədə konkret rəqəm göstərə bilməz. Ona görə ki, bu sahədə həqiqətən də hər hansı araşdırma aparılmayıb və heç bir dəqiq siyahı əldə edilməyib.”

 

C.Bərzgər Təbrizin sənaye və istehsal müəssisələrinin fəaliyyəti sahəsində ölkə üzrə 6-cı şəhər olduğunu da təəssüf hissi ilə diqqətə çatdırıb. “Biz Təbriz və Azərbaycanın haqlarını məsullardan ala bilməmişik. Bu gün şəhərimiz ölkə üzrə 6-cı yerdədirsə, biz bunun üçün təəssüf hissi keçirib və kədərlənməliyik”- deyə o qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar