SON XƏBƏRLƏR

Sulduzda keçirilən mərasimdə tutulanlar haqda son məlumat

2021.10.20, 07:36
Sulduzda keçirilən mərasimdə tutulanlar haqda son məlumat

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, mayın 25-də Güney Azərbaycanda baş tutan Milli Qiyamın 12-ci ildönümü münasibəti ilə Sulduz şəhindlərinin məzarı başında mərasim təşkil olunub, həmin mərasimdə bir neçə azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onların bir neçəsinə saxlanılarkən güc tətbiq olunub.

 

Əldə olunan son məlumata görə, saxlanılan fəallardan Əmir Səttari, Murad Əmmari, Ulduz Qasimi və Cavad Əhmədi Yekanlı məhkəmədə ittihamları elan olunduqdan sonra ilk öncə Sulduzun Ettelaat İdarəsi, sonra isə  Urmiyənin Ettelaat-na aparılıblar. Fəalların Ettelaat  təcridxanasında ruhi və cismi işgəncələrə məruz qaldıqları bildirilir.

 

 

Tutulan fəallardan 7-i isə bir gün saxlandıqdan sonra müvəqqəti olaraq azadlığa buraxılıb. Məlumata görə, Murtaza Məhəmmədi, Murtaza Səfəri, Məhəmməd Mahmudi, Davud Mahmudi, Məhəmməd Qənbərzadə, Vahid Bəstami və Rəsul Sələhşur şənbə günü sərbəst buraxıldıqdan dərhal sonra Sulduz şəhidlərinin dəfn olunduğu qəbiristanlığa gedərək şəhidlərin məzarını ziyarət ediblər. Onlar bu ziyarəti təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə məhəl qoymadan həyata keçiriblər.

 

 

Xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.

2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olub.  

Hər il Milli Qiyamın ildönümü münasibəti ilə Sulduz şəhidlərinin məzarı başında anım mərasimi təşkil olunur, bu günə qədər keçirilən hər mərasimdə bir neçə fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar