Vərziğanın Süngün mis mədəninin zəhərli tullantıları “İlqınaçaya” buraxıldığı üçün suyun rəngi dəyişib.
Gunaz.tv
İlqınaçay Vərziğanın Süngün dağlarından axaraq Araz çayına tökülür. Martın 4-də Xudafərinin Alacücə kəndində çəkilən videoda zəhərli tullantıların çaya buraxılması nəticəsində suyun rənginin dəyişdiyi görünür.
Bundan öncədə Süngün mis mədəninin zəhərli tullantılarının çaya və ətraf mühitə axıdılması ilə bağlı çoxsaylı xəbərlər yayılıb.
Ötən ilin iyul ayında da, İlqınaçayın rəngi bir neçə həftəliyinə dəyişmişdi. Çaydan götürülən nümunələrin nəticəsi bunun səbəbinin zəhərli tullantıların həddindən çox olduğunu sübut etmişdi.
Zəhərli tullantılar ətraf mühitə, kəndlilərin əkinçilik sahələrinə, meşələrə ziyan vurmaqla yanaşı, İlqınaçayda yaşayan canlılarında kökünün kəsilməsinə səbəb olub.
Süngün mis mədəni fəaliyyətə başlamamışdan öncə bu çayda çox sayda balıq və başqa su canlıları yaşayırdı. Mədən fəaliyyətə başlayandan sonra onlar hamısı yoxa çıxıb.
Orta Doğunun ən böyük mis yatağı olan Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.
Bundan öncə Vərziğanın İran parlamentindəki keçmiş nümayəndəsi “Rza Əlizadə” bildirmişdi ki, “süngün mis mədənindən ildə 300 min ton mis konsentratı çıxarılır. Əldə edilən fantastik məbləğin isə 1 faizidə bölgəyə ayrılmır”.
C.E