SON XƏBƏRLƏR

Sürgündə olan fəal Siyamək Mirzayi yenidən həbsə məhkum edilib və ölkədən çıxışı məhdudlaşdırılıb- FOTO

2021.10.20, 07:36
Sürgündə olan fəal Siyamək Mirzayi yenidən həbsə məhkum edilib və ölkədən çıxışı məhdudlaşdırılıb- FOTO

Gunaz.tv

GünAz TV: Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsi hazırda sürgündə olan güney azərbaycanlı siyasi fəal Siyamək Mirzayinin yenidən 1 il həbsə məhkum edilməsi və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hökm çıxarıb.

 

İman Əfşarinin sədrliyi ilə keçirilən məhkəmə iclasında hazırda Qain şəhərində sürgündə olan fəala qarşı “İran İslam Respublikası siyasi sisteminə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə 1 il həbs hökmü çıxarılıb. Hökmə əsasən, onun ölkədən çıxışı, eləcə də siyasi və ya ictimai partiyalar və qruplara üzv olmasına 2 il qadağa qoyulub.

 

Ittihamnamədə qeyd edilir ki, hökm məhkəmə orqanlarının apardıqları araşdırmalar və “Sepah” terror təşkilatının Kəşfiyyat İdarəsinin Tehran şöbəsinin təqdim etdiyi hesabat əsasında verilib. Hökmün mətninə əsasən, araşdırmalar nəticəsində fəalın “tənqid deyil, sistemə qarşı təbliğat fəaliyyəti apardığı” müəyyən edilib.

 

Xatırladaq ki, Siyamək Mirzayiyə qarşı yeni ittihamlarla saxta cinayət işi açılması prosesi 5 ay bundan əvvəl, həbsxanadan çıxmasına 3 gün qalmış “Sepah”ın ETTELAAT İdarəsi tərəfindən başladılmışdı. İdarə onun ittihamlarını “Abbas Lisani ilə həbsxanadan telefon əlaqəsi saxlaması, Tehranın Baharıstan Rayonunun prokuroruna təhlükəsizlik orqanları əməkdaşlarının özbaşınalıqları barədə açıq məktub ünvanlaması, İranda yaşayan etniklərlə bağlı məqalələr dərc etməsi, ana dilində təhsili dəstəkləməsi, Amnesty İnternational, türkdilli, farsdilli və insan haqları saytlarının onu müdafiə etməsi” kimi hallarla əlaqələndiriblər.

 

Cənubi Xorasan əyalətinin Qain bölgəsində sürgündə olduğuna görə məhkəməyə gələ bilməyən Siyamək Mirzayinin ittihamları üzrə ilkin proses dekabrın 2-də, onun iştirakı olmadan keçirilib.

 

Fəal 2016-ci ilin iyul ayının 13-də, Muğanın Parsabad bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Tutulan zaman ona məhkəmə orqanları tərəfindən saxlanması ilə bağlı heç bir hökm təqdim edilməmişdi.

 

O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplaşmalarda üzvlük” 10 il həbsə və 2 il Təbəs rayonuna sürgünə məhkum edilmişdi. Daha sonra apellyasi məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilmişdi.

 

Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi 2009-cu ildə də mədəni fəaliyyətləri səbəbindən 5 il həbs cəzası almışdı.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar