SON XƏBƏRLƏR

Sussaq, uduzacağıq

2021.10.20, 07:36
Sussaq, uduzacağıq

Gunaz.tv
Sussaq, uduzacağıq qorxu_16avgust.jpg Rusiyanın Gürcüstanda yürütdüyü işğalçılıq siyasəti, oradakı terrorçu rejimlərə aşkar dəstək verməsi və qoşun yeridərək bu separatçıları məhv olmaqdan qurtarması dünya birliyini qıcıqlandırmaqla bahəm, xoflandırıb. "Rus ayısı" qəzəbləndi, kiçik ölkənin yarısını işğal etdi, hətta Tiflisi bombalamaqla hədələdi. Postsovet məkanı ölkələri isə dərsini almalıdır. Moskva açıq mətnlə bildirir ki, bundan sonra Kremlin maraqlarını və ələlüxüsus da onun "təsir dairələri"ni zədələyənlərlə heç bir aman olmadan davranılacaq. Bakının özündə də xoflanıblar. Günlərin birində Azərbaycan Dağlıq Qarabağdakı separatçı rejimə qarşı antiterror əməliyyatlarına başlarsa, Ermənistanın işğal etdiyi torpaqları azad etməyə çalışarsa - nə olacaq? Gürcüstanın bombardmanlarından hürkmüş, gözləri dörd olmuş bir para adamlarımız giziltili səslə dedilər ki, belə işi qətiyyən etmək olmaz: dərbədər olmuş Gürcüstan timsalı göz qarşısında. Yəni söyləyirlər ki, əgər Azərbaycan ermənilərə qarşı müharibəyə başlarsa, burada Gürcüstan ssenarisi təkrarlanacaq: rus qoşunları Qarabağa yeridiləcək, sonra irəliləyəcək, tanklar Bakıya dirənəcək və onda nələrin yaşanacağını təsəvvür etmək belə, vahiməlidir. Formal olaraq, Rusiya belə davrana bilər. Ermənistanın Gümrü rayon mərkəzində Rusiyanın 102-ci hərbi bazası var. Cənubi Osetiyadan fərqli olaraq, Dağlıq Qarabağdakıların tam əksəriyyəti Rusiya pasportu daşımasalar da, Moskva sadiq köpəyi olan Ermənistanı və qarabağlı erməniləri müdafiə etməyə qalxa bilər. Rusiyanın Azərbaycana qarşı hipotetik savaşı da mümkündür. O da ola bilər ki, rus qoşunları ərazimizə yeridilsin. Hər şey baş verə bilər. Amma... Buna görə Bakı indiki davranış və siyasətini davam etdirməlidirmi? Gürcüstanda rus tankları və təyyarələri şəhərlərlə kəndləri viran etdi - Bakı işini "Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik" deməklə bitmiş hesab etdi. Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan kəməri bombalandı - Bakı "belə iddialar yalandır, bombardman olmayıb" deyərək yalan danışdı. Əhalisinin tam əksəriyyəti soydaşlarımız olan Marneuli bombardmana məruz qaldı - susduq. Kola girib savaşı kənardan izləməyə, olduqca ehtiyatlı mövqe tutmağa üstünlük verdik. Bakı niyə susdu? Səbəblər bəlli. Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır və Bakının hər hansı radikal davranışı nəticəsində bu sel Azərbaycana gələrək ölkənin sözdə "inkişaf", gerçəkdə isə reqressdə olan iqtisadiyyatını alt-üst edə bilər. Rusiya MDB-nin ən güclü dövləti və faktiki dirijorudur. Müstəqil Dövlət Birliyi əslində ölü can olsa da, çoxsaylı dövlətlərarası müqavilələr əsasında Azərbaycanla Rusiya arasında vizasız gediş-gəliş, qarşılıqlı vergi tətbiqindən azad olunma, ticari və iqtisadi preferensiyalar, maliyyə güzəştləri və s. var. Azərbaycan bir para dövlət mənsublarının olduğundan yuxarı hoppanıb "Cənubi Qafqazın ən önəmli geosiyasi dövlətiyik, regionun siyasi proseslərində əsas yer tuturuq" demələrinə rəğmən, rəsmi Bakı Rusiyanın geosiyasi, iqtisadi, hərbi və digər təzyiq mexanizmləri ilə müqayisədə həddən ziyadə zəif və gücsüzdür. Və ən nəhayət, Azərbaycanın "günbəgün inkişaf edən" iqtisadiyyatının dopinq mənbəyi olaraq dövlət büdcəsinin gəlir hissəsinin 85%-ni formalaşdıran neft-qaz satışı pulları məhz Gürcüstan ərazisindən keçən marşrutlarla əldə edilir. Azərbaycan bir qədər "nahamvar" davranarsa, Gürcüstanda vəziyyət qəlizləşərsə, separatçı regionlar fəallaşarsa - o boruların halı nə olacaq? Lütfən, bu sualı "BP"-dən soruşmayaq. Soruşsaq, həmişəki kimi bravur və nikbin açıqlamalar alacayıq - Utyosovun məşhur mahnısındakı təki: "Hər şey gözəldir, gözəl markiza". Rusiya Gürcüstanı tank tırtılları, raketlər, bombalar və rəsmən axtarışda elan etdiyi, amma gürcülərə qarşı savaşa yolladığı başkəsən Sulim Yamadayevin "Vostok" batalyonunun gözü dönmüş cəlladlarının çəkmələri ilə şumlayıb orada xaos, itaət, xof və qorxu əkəndə Azərbaycan nəfəsini çəkmədən susdu, baş verənləri sakitliklə müşahidə etdi. Bakıdan başqa heç nə tələb etmək olmaz. Bizim Rusiya ilə dirəşəsi halımız yox. Amma bütün bunlara rəğmən, susmalıyıq. Çünki indi Gürcüstanın yox, bütün postsovet ölkələrinin taleyi həll olunur. Rusiyanın rəsmən sabiq, əslində gerçək prezidenti Vladimir Vladimir oğlu Putin ölkə elitasının yoluxduğu şovinizm və millətçilik ideyalarının dalğasını şahə qaldırıb "SSRİ-nin dağılması əsrin ən böyük geosiyasi faciəsidir" deyəndə Bakı ilə Tiflisin dalağı sancmalıydı. Çünki Putinin bu sözləri əslində Kremlin postsovet ölkələrini müstəqil dövlət saymadığını göstərirdi. Kremldəki rejim üçün bizim dövlətimiz tarixi anomaliya olmaqla bahəm, Rusiyanın maraqlarına təhlükədir. Rusiya ABŞ-a qarşı Cənubi Qafqazda yeni, çox təhlükəli və qanlı oyun aparır. Stavkalar isə çox yüksəkdir. Oyundan kənarda qalmağa çalışıb udmağa çalışsaq, uduzasıyıq. Gürcüstan böhranı Qərblə bahəm, bizim üçün də həlledici imtahandır. Hazırıqmı? Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar