SON XƏBƏRLƏR

Tanınmış politoloq Sadiq Zibakəlam mərkəzi hökumət süqut edəcəyi təqdirdə Güney Azərbaycanda problem yaşanacağını bildirib

2021.10.20, 07:36
Tanınmış politoloq Sadiq Zibakəlam mərkəzi hökumət süqut edəcəyi təqdirdə Güney Azərbaycanda problem yaşanacağını bildirib

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin siyasi elmlər üzrə professoru, islahatçılar düşərgəsinə yaxın məşhur politoloq Sadiq Zibakəlam İranda mərkəzi hökumətin süquta uğramasından təşvişə düşüb.

 

Cümə günü “İnsaf News”a danışan universitet müəllimi İranda hökumətin çökəcəyi təqdirdə Güney Azərbaycanda bir çox problemin yaşanacağını proqnozlaşdırıb.

 

“Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız kürd məsələsi deyil, Azərbaycanda da problem yaşanacaq. Ona görə ki, orada millətçilik düşəncəsi geniş şəkildə yayılıb. Ölkədə mədəni tələblər təmin olunmadığı üçün, siyasi inkişafımız da yoxdur. Misal üçün 1979-cu ildə sünnilər var gücləri ilə inqilaba qoşuldular. Lakin yanlış siyasətlərin tətbiqi nəticəsində sünni bölgələrində kin və nifrət yaranıb, buna Sistan və Bəluçistan, həmçinin Xuzistanı misal kimi göstərmək olar”- deyə o bildirib.

 

İranda bugünkü vəziyyəti 1979-cu illə müqayisə edən S.Zibakəlam indi vəziyyətin daha mürəkkəb olduğunu deyib.

“1979-cu il inqilabında hamı şaha qarşı birləşmişdir, bütün etirazçılar Ayətullah Xomeynidən söz eşidirdi. Lakin indi hökumətə qarşı etiraz edənlərin hər birinin fərqli hədəfi var. Bu məsələlər vəziyyəti mürəkkəbləşdirib, ona görə də mən narahatam. Sabitlik pozularsa, biz irəli getməyəcəyik, vəziyyət daha da  pisləşəcək. Hökumət üçün ciddi problem yaransa, Amerika Birləşmiş Ştatları hücum etsə və ya əhali baş qaldırsa, heç bir şəkildə bizim inkişafımıza yol açılmayacaq”- deyə politoloq narahatlığını dilə gətirib.

 

Bölgələrdə, xüsusi ilə də Azərbaycanda millətçilik düşüncəsinin yayılmasından narahatlığını bildirən S.Zibakəlan islam inqilabı zamanı Kürdistan əyaləti və Qərbi Azərbaycanın bir hissəsinin kürdlərin Demokrat Partiyasının peşmərgələri tərəfindən işğal edildiyini xatırladıb. Politoloq bu dəfə əsasən azərbaycanlıların baş qaldırmasından nigaranlıq hissi keçirdiyini deyib.

 

Bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti oxşar açıqlama verərək bildirmişdir ki, “ana dilində təhsil azərbaycanlıların əsas tələbidir. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi sual altında olacaq.”

 

Tehran Universitetinin müəllimi xanım İlahə Kolayi də ölkənin ağır vəziyyətdə olduğunu bildirərək İranın Sovet Hökuməti kimi dağılacağını bildirmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar