SON XƏBƏRLƏR

Tarixçi alim Nəsib Nəsiblinin yeni kitabı çapdan çıxıb – Müsahibə / AUDİO

2021.10.20, 07:36
Tarixçi alim Nəsib Nəsiblinin yeni kitabı çapdan çıxıb – Müsahibə / AUDİO

Gunaz.tv

GünAz TV: “Ümumiyyətlə Türkiyədə Azerbaycan yaxşı tanınmır. Güney Azərbaycan da, Quzey də. Biz çox arzu edirik ki, Türkiyədə bu maraq artsın. Amma marağı artırmaq üçün biz də hərəkət etmək məcburiyyətindəyik,” Ankara Universitetinin müəllimi Nəsib Nəsibli söyləyir.

 

Tarixçi alim “Amerikanın Səsi”nə müsahibədə bu yaxınlarda Türkiyədə nəşr etdiyi “Güney ilə Quzey Azərbaycan Sorunları” adlı kitabı haqqında danışıb.

 

Ankarada Təbriz Araşdırmaları İnstitutu tərəfindən nəşr edilən kitabda hazırda Güney Azerbaycan və Azərbaycan Respublikasında aktual olan məsələlər ilə bərabər “Güney Azərbaycanda Milli Hərəkatın dünəni və bu günü”, “Sovet Rejimi və Türklük” və “Pan-İranizmin doğuşu və Türklük” kimi başlıqlar altında bölmələr yer alıb.

 

Nəsib Nəsiblinin dediklərinə görə, yeni kitabın ünvanı məzmunla əlaqəli olmaqdan əlavə bir növ simvolik məna da daşımaqdadır.

 

“Mənim üçün önəmli olan Güneylə Quzey adının bir yerdə getməsi idi... Bir zamanlar bizim dostlarımız çox təkidlə Quzey Azərbaycanın nümayəndələrindən tələb edirdilər ki, Azərbaycan deyəndə bunun quzey ya güney tərəflərini dilə gətirin. Mən bunu doğru bir tələb hesab edirəm... Quzey Azərbaycan deyəndə bu sual yaranır ki, demək bunun bir də güneyi var.”

 

Özünü dərk və milli kimlik məsələsinin Azərbaycanın ən həssas məsələsi olduğunu vurğulayan tarixçi alim kitabda bu mövzuya ağırlıq verildiyini bildirir.

 

Ankara Universitetinin müəllimi yeni kitabının tələbələr və ümumiyyətlə Türkiyədə İranla maraqlanan oxucular üçün bir mənbə mahiyyətində olduğunu ifadə edir.

 

 “Mən Ankara universitetində bir dərs keçirəm; İran və Türklər dərsi. Buradakı materiallar bizim dərsimizdə istifadə olunur. Əlbəttə ki, bu kitab həm tələbələr, həm də kütləvi olaraq İran türklüyü və ümumiyyətlə İranla maraqlananlar üçün gərəkli bir qaynaq ola bilər,” deyə Nəsibli söyləyir.

 

Azərbaycan Respublikasının İrandakı sabiq səfiri əlavə edir, “ümumiyyətlə Türkiyədə Azərbaycan yaxşı tanınmır... Kitablar çap olur, amma Azərbaycanı tanıdan kitablar çox azdır... Bu milli hərəkatın da önəmli problemlərindən biri kimi dəyərləndirilməlidir... Biz çox arzu edirik ki, Türkiyədə bu maraq artsın, amma marağı artırmaq üçün biz də hərəkət etmək zorundayıq.”

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

 

https://www.amerikaninsesi.org/a/nesib-nesibli-yeni-kitab/4351317.html

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar