SON XƏBƏRLƏR

Tarixi ənənələr və dövlətçilik şüuru

2021.10.20, 07:36
Tarixi ənənələr və dövlətçilik şüuru

Gunaz.tv
Tarixi ənənələr və dövlətçilik şüuru Milli-mənəvi dəyərlərlə demokratikləşmənin vəhdəti haqqında Milli dövlətçiliyin inkişafı zərurəti aksiom kimi qəbul edilir. Bununla bağlı sistemli və ardıcıl olaraq dövlət siyasəti də uğurla həyata keçirilir. Dövlətçiliyin inkişafında cəmiyyətin və xüsusilə gənclərin rolunu da ayrıca vurğulamaq gərəkdir. Məsələnin bu tərəfi istər-istəməz vətəndaşların və sosial təbəqələrin fəallığı, təşəbbüskarlığı faktorunu qabardır. Bu məsələ daha çox praktiki mahiyyət daşıdığından konkret fəaliyyətləri nəzərdən keçirməyi tələb edir. Cəmiyyətin dövlət quruculuğunda aktiv iştirakı asan məsələ deyil. Burada yüksək təşkilatçılıqla yanaşı insanların mənəvi olaraq dövlətçiliyi inkişaf etdirməyə hazır olması nəzərə alınmalıdır. Dövlətçilik şüurunun inkişafı həmin baxımdan çox önəmli yer tutur. Dövlətçilik şüurunun durumu gənclərin mənəvi keyfiyyətlərindən çox asılıdır. Azərbaycan gənclərinin dövlətçilik şüurunun inkişafının maraqlı bir mərhələyə qədəm qoyduğunu vurğulamaq olar. "İrəli" Gənclər Təşkilatı bu mülahizələr prizmasında diqqətimmizi çəkməkdədir. Bu təşkilatda toplaşan gənclərin həm dövlətçiliyə, həm də milli-mənəvi dəyərlərə münasibət məsələsində müasir təsəvvürlərə malik olduğunu müşahidə etməkdəyik. Gənclər dövlətçiliyin inkişafını və müasirləşməyi milli dəyərləri qorumaq prizmasında görürlər. Onlar tarixdən gələn ənənələri saxlamağı çox vacib hesab edirlər. Maraqlıdır ki, Azərbaycan gənclərinin təsəvvürlərində tarix məsələsi o qədər dəqiq obraza malikdir ki, artıq bunun onların həyat yolu olduğu aydın görünür. Belə qənaətə gəlmək olar ki, Azərbaycanda dövlətçilik şüuru ilə bağlı proqramların həyata keçirilməsi yaxşı səviyyədədir. Təbii ki, bizim bu mülahizələrimizi bütün gənclərə aid etmək olmaz. Elə isnanlar var ki, tamam əks yöndə fikirləşir və yaşayırlar. Məsələn, öz ticarətini və ya şəxsi olaraq başqa marağını hər şeydən üstün tutanlar da vardır. Və yaxud ümumiyyətlə, dövlətçilik şüurunun nə olduğunu bilməyənlər də az deyil. Bu hal da təbiidir. Çünki bir neçə əsrlik imperiya tərkibində olandan sonra müstəqil dövlətçilik şüuruna sahib olmaq asan məsələ deyil. Ona görə də əsas diqqət məhz fəal gənclərə yönəlməlidir. Onlar da həmyaşıdları arasında təbliğatlarını gücləndirməlidirlər. Bu işdə KİV-in və ziyalıların rolunu ayrıca qeyd etmək gərəkdir. Azərbaycan KİV-i çətin və şərəfli bir yol keçir. KİV bir çox məsələlərdə dövlətçiliyi qorumağın dayaqlarından biri rolunu oynayır. Bununla yanaşı, KİV-in dövlətçilik şüuru və vətənpərvərlik mövzusuna daha çox diqqət yetirməsi zəruridir. Əsas olaraq da elektron KİV bu məsələdə fəallığını artırmalıdır. Artıq cəmiyyətdən ucuz şou proqramlara təpkilər daha da artıb. Elə bir ciddi veriliş olmaz ki, orada həmin şoulara mənfi münasibət bildirilməsin. Görünür, zaman-zaman onları başqaları əvəzləyəcək. Ciddi problemləri əhatə edən və cəmiyyət üçün gərəkli olan mənəvi keyfiyyətləri təbliğ edən televerilişlərə böyük ehtiyac yaranıb. Bu məsələlərin indi daha da aktuallıq kəsb etməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, indi bölgəmiz çox kritik və həssas bir geosiyasi dönəmə daxil olub. Burada həm böyük dövlətlərin maraqları toqquşub, həm də yerli dövlətlər fəallaşmaqdadırlar. Bu şəraitdə çox şey cəmiyyətin sınaqlara hazırlıq dərəcəsindən asılı olacaq. Ona görə də öz dövlətinə, tarixinə və mədəni dəyərlərinə daha çox bağlı olub, onları inkişaf etdirməyə qərarlı olan topluların perspektivi var. Azərbaycan sosial-iqtisadi, mədəni və idarəçilik baxımından uğurlar əldə etmiş ölkə olaraq bu proseslərin önündə getməlidir. Bu iş isə yalnız bütün toplumun birgə fəallığı ilə mümkündür. Ziyalı təbəqəsinin də üstünə həmin aspektdə məsuliyyətli işlərin düşdüyünü dərk etməliyik. Ziyalılar gənclərin mənəvi-əxlaqi tərbiyəsində aparıcı rol oynayırlar. Onların ictimai proseslərə daha aktiv qoşulması üçün sistemli işlərin aparılması gərəkdir. Bu işin vaxtı çatıb. Azərbaycanda dövlətçilik şüurunun milli-mənəvi dəyərləri qorumaqla vəhdətdə inkişaf etdirilməsi məsələsinin getdikcə daha da aktuallaşacağını düşünürük. Bu həssas dönəmdə o məsələnin millət üçün əhəmiyyəti ölçüyəgəlməzdir. Tarixi ənənələrin yaddaşlarda möhkəmlənməsi ilə demokratikləşmənin həyat tərzinə çevrilməsi strateji tərəqqinin təməl prinsiplərindən biridir. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar