SON XƏBƏRLƏR

Tarixin düzgün öyrənilməsi və təbliği zərurəti.Ruslaşmanı ingilisləşmə əvəz etməməlidir

2021.10.20, 07:36
Tarixin düzgün öyrənilməsi və təbliği zərurəti.Ruslaşmanı ingilisləşmə əvəz etməməlidir

Gunaz.tv
Tarixin düzgün öyrənilməsi və təbliği zərurəti Ruslaşmanı ingilisləşmə əvəz etməməlidir Tarixin düzgün öyrənilməsi bu gün daha aktual şəkildə qarşımızda durur. Sevindiricidir ki, gənclərimizin bu məsələyə marağı xeyli artıb. Bu işdə tariximizlə bağlı aparılan yeni araşdırmaların rolu böyükdür. O cümlədən, bizim tarixi şəxsiyyətlərimiz barədə sanballı əsərlər yazılmaqdadır, onların formalaşmış yanlış obrazları həqiqi məzmun kəsb etməkdədir. Bu aspektdə Attila, Nadir şah, Ağa Məhəmməd Şah Qacar haqqında real biliklərin Azərbaycan ədəbi-elmi mühitinə daha çox verilməsi çox müsbət haldır. Bu prosesin genişlənməsi və daha böyük miqyasda müzakirə edilməsi olduqca vacibdir. Hələlik mətbuat səhifələrində və dar dairlərdə bu kimi problemlər daha çox müzakirə olunur. Təbii ki, bu müzakirələrin də səmərəsi çoxdur. Çünki orada gəlinən nəticələri cəmiyyətdə yaymaq imkanı yaranır. Bununla da tariximizdəki yanlış səhifələr yenidən yazılır və insanların mənəvi dünyasındakı yaralar sağalır. Açıq deyək. Tariximiz haqqında düzgün təsəvvürlər çoxaldıqca insanın özünə, millətinə, keçmişinə və tarixinə münasibəti dəyişir. Bir qürur hissi yaranır. Kim olduğunu qəlbinin dərinliklərində hiss edirsən. Babalarımız haqqında rus-fars təbliğatının yaratdığı təsəvvürlərin nə dərəcədə zərərli olduğunu qəlbinlə duyursan. Nadir şah və ya Qacarı zalım, başkəsən, dağıdıcı kimi qələmə verənlərin hədəfləri uzaqlara tuşlanıbmış. Onlar bununla ayağımızı tariximizdən uzaqlaşdırıb, özlərinə sərf edən səmtə yönəldiblər. Farslar bir istiqamətə, ruslar isə başqa istiqamətə. Nəticədə bizim üçün acınacaqlı bir mənzərə yaranıb - milli nə varsa hamısı pisdir, gerilikdir. Yenilik yalnız kənardan gələ bilər. O cümlədən, rusun gətirdiyi yenilikdir, mədəniyyətdir. Bu səbəbdən öz xalqının tarixini öyrənməyə ehtiyac yoxdur. "Maüsir" olmaq istəyirsənsə, rus kimi düşün, rus həyatı yaşa (və ya fars kimi düşün, danış, yaşa) və sair. Bu zərərli və öldürücü təbliğatın nəticəsi o oldu ki, bizim insanların özünə, tarixinə və mədəniyyətinə inamı çox azaldı. Hətta indi də müstəqil dövlətə sahib olmağın mənasını dərk etməyənlər az deyil. Onlar mədə psixologiyası ilə "mən tox olum, başqaları ilə nə işim", prinsipi ilə yaşayırlar. Ən pisi isə odur ki, öz tarixi şəxsiyyətlərinin əsl əməllərini dərk edə bilmir və onlara hələ də rusun və farsın gözü ilə qiymət verirlər. Bu hallar insanların mənəvi dayaqlarını yadlarda axtarmasına gətirib çıxarır, onları hər zaman başqalarından asılı vəziyyətə salır. Odur ki, bu gün "rus faciəsini" "ingilis faciəsinin" əvəzləməsi təhlükəsi yaranır. Bir zamanlar müasirləşməyi ruslaşmaq kimi dərk edənlər, indi də ingilisləşmək kimi anlamaqdadırlar. Onlar ingiliscə danışıb, ingilis kimi yaşamaq və düşünməyi inkişaf kimi təqdim edirlər. Məhz bu məqamda millətin öz tarixi səlnaməsini ortaya çıxarıb, kimliyini sübut etməsi gərəkdir. Ona görədir ki, Nadir şah və ya Ağa Məhəmməd Şah Qacar haqqında doğru biliyə sahib olmaq həyati əhəmiyyətli məsələdir. Bunu bacaran xalqın yad mədəniyyətin əsiri olması mümkün deyildir. İndi mətbuatda tez-tez tarixi şəxsiyyətlərimizin gördükləri işlər, həyata keçirdikləri siyasət barədə elmi məlumatlar verilir. Bizcə, artıq bu məsələni bir qədər geniş miqyasda reallaşdırmağın zamanı çatıb. Tariximiz çox geniş auditoriyanın müzakirə mövzusuna çevrilməlidir. Bunun üçün elektron KİV, mətbuat, gənclər təşkilatları, müxtəlif QHT-lər və dövlət orqanları birlikdə tədbirlərə başlamalıdırlar. Məsələn, tariximiz haqqında tutarlı əsər yazan insanlarla geniş auditoriyanın görüşləri keçirilməli, elmi-praktiki konfranslar təşkil edilməli, həmin əsərlər çox ucuz qiymətə satılmalı və ya əhali arasında pulsuz yayılmalıdır və s. Bunlardan başqa daha səmərəli təbliğat üsulları üzərində fikirləşmək olar. Əsas odur ki, insanlarımız tarixi keçmişləri barədə doğru təsəvvürlər əldə etsinlər və milli kimliklərini dərindən dərk etsinlər. Mənəviyyatı və ruhu möhkəmlətməyin ən yaxşı üsulu bundan ibarətdir. Tariximizin maraqlı səhifələri haqqında artıq yazılar, əsərlər, mövqelər mövcuddur. Alimlər, tarixçilər, yazarlar bununla bağlı işləri ortaya qoyurlar. Onları təbliğ etmək və hər bir Azərbaycan türkünün mənəvi dəyərinə çevirmək yazmaqdan da çox aktuallıq kəsb edir. Bu şansı əldən vermək olmaz. Dövlət kimi müstəqil olaq istəyiriksə, bunun öhdəsindən gəlməliyik. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar