Bu haqda xəbərlərin yayılmasına ciddi məhdudiyyətlər qoyulsada Təbriz Şəhər Şurasının üzvü Təbriz Bələdiyyəsində qanunsuzluqlara görə bir neçə nəfərin həbs olunması ilə bağlı bilgi verib.
Gunaz.tv
Bu gün yanvar ayının 9-da, Şəhər Şurasının üzvü Əli Acudanzadə yayılan xəbərlərə münasibət bildirərkən deyib: “Məlumatlı şəxslərdən aldığım xəbərlərə görə Təbriz Bələdiyyəsində bir neçə nəfər məsul şəxs və işçi yol verdikləri qanunsuzluqlara görə həbs olunub. Umud edirəm ki, işləri dəqiq və obyektiv araşdırılacaq”.
Ə.Acudanzadə bildirib ki, Şəhər Şurası eyni halda Bələdiyyə İdarəsinin fəaliyyətlərinə nəzarət missiyasını yerinə yetirir. O, baş verən qanunsuzluqlarla bağlı əlaqədar qurumlara müraciət edəcəkləri barədə dəfələrlə xəbərdarlıq etdiklərini bildirib.
Acunzadə, bu hadisənin başqa məsul şəxslərə “ibrət dərsi” olacağına umud etdiyini və onların yüksək məbləğdə maaş almalarına baxmayaraq tamah üzündən qeyri-qanuni yollara əl atdıqlarını söyləyib.
Onun dediyinə görə, bir sıra məsul şəxslər “görünməz himayəçilərinin” yaşıl işığı ilə qeyri-qanuni hərəkətlərə yol verdiklərini, cəzalandırılmayacaqlarından arxayın olduqlarını vurğulayıb.
Son aylar İranda korrupsiya ilə bağlı həbslər artıb. Urmu, Soyuqbulaq, Azərşəhr, Marağa və Tikantəpə şəhərlərində Şəhər Şurası və Bələdiyyə məsullarının bir neçəsi təhlükəsizlik və kəşfiyyat idarəsinin məmurları tərəfindən həbs edilib. Maraqlıdır ki, həbs əməliyyatlarının həyata keçirilməsində məhkəmə və polis sisteminin əməkdaşlarından çox təhlükəsizlik və kəşfiyyat orqanlarının adı hallanır.
Qeyd etmək lazımdır ki, korrupsiya İran rejimində kök atmış fenomendir. Tez- tez Amerika Birləşmiş Ştatları və Qərb mətbuatı başda dini lider Əli Xamneyi olmaqla, ölkə rəhbərliyinin korrupsioner fəaliyyətlərinə dair faktlar yayırlar.
C.E