SON XƏBƏRLƏR

Təbriz Maşınqayırma Zavodunun işçiləri etiraz aksiyası keçirib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbriz Maşınqayırma Zavodunun işçiləri etiraz aksiyası keçirib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda sənaye və istehsal müəssisələrində maliyyə problemləri səngimir.

 

Təbriz Maşınqayırma Zavodunun işçiləri yanvarın 31-də zavodda yaşanan durğunlıq və maaşlarının gecikdirilməsinə etiraz olaraq aksiya keçiriblər.

 

Yerli mətbuatın yaydığı məlumata görə, zavodun 800 işçisi iki ay maaşlarının gecikdirilməsi, bayramlıq və siğorta haqlarının ödənilməməsi səbəbindən etiraz aksiyası keçirib.

 

İşçilər yaranan problemi şirkətin özəlləşdirilməsi və yeni rəhbərliklə əlaqələndirir.

 

“Maşınqayırma zavodu bir il əvvələ qədər dövlətin olub. Lakin sonralar zavod özəlləşdirilib, elə işçilərin problemləri də bundan sonra başlayıb”- deyə işçilərdən biri bildirib.

 

Onun sözlərinə görə, “zavod özəlləşdirildikdən sonra istehsal sahəsində ciddi durğunluq yaranıb. Vəziyyət belə davam edərsə, bir müddət sonra zavod bağlanacaq və bütün işçilər iş yerlərini itirəcək.”  

 

Zavod işçisi əlavə edib ki, işçilər gecikdirilən maaşlarının ödənilməsi və gələcək iş vəziyyətlərinin aydınlaşdırılmasını tələb edir.

 

Bu arada Zəncan “Cahan” Bitki Yağı Zavodunda bir həftədir ki, istehsal dayanıb. Məlumata görə, işçilər zavoda gedir, lakin istehsal olmadığından işləmirlər.

 

İşçilərin bir neçə aydır maaş almadıqları və siğorta haqlarının ödənilmədiyini bildirilir.

 

Zəncan Əyaləti Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi “Fars” xəbər agentliyinə verdiyi müsahibədə işçilərlə şirkət rəhbərliyi arasında problemlərin olduğunu etiraf edib, lakin işçilərin keçirdiyi etiraz yığıncaqlarını qanunsuz adlandırıb.

 

Zəncan “Cahan” Bitki Yağı Zavodu ötən illərdə bir neçə dəfə fəaliyyətini dayandırıb, sonra yenidən işə başlayıb.

 

Son illərdə yalnız Şərqi Azərbaycan Əyalətində 25-dən çox sənaye müəssisəsi dövlət tərəfindən özəl müəssisə vəya fiziki şəxslərə ötürülüb, onlardan hazırda ən azı 21-i ciddi maliyyə sıxıntısı ilə üz-üzə qalıb. Sənaye müəssisələrini alanların əksəriyyəti hökumət rəsmilərinə yaxın şəxslərdir. İşçilər müəssisələrin yeni rəhbərliyindən şikayətlənir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar