SON XƏBƏRLƏR

Təbriz-Məşhəd qatarı hadisəsi ilə bağlı 4 şübhəli haqqında iddianamə hazırlanıb

2021.10.20, 07:36
Təbriz-Məşhəd qatarı hadisəsi ilə bağlı 4 şübhəli haqqında iddianamə hazırlanıb

Gunaz.tv

GünAz TV: Təxminən 3 il əvvəl Simnan Əyalətində Təbriz-Məşhəd qatarında baş verən hadisə ilə bağlı yeni xəbər yayılıb.

 

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili bu barədə çərşənbə axşamı günü mətbuat nümayəndələrinə məlumat verib.

 

“Təbriz-Məşhəd qatarında baş verən hadisə ilə bağlı dosye təşkil olunub.  Artıq dosye prokurorluğun 4 şübhəli haqqında hazırladığı iddianamə ilə birlikdə məhkəməyə göndərilib. Qərara görə, məhkəmə bu işə növbədənkənar baxacaq.”- deyə o bildirib.

 

Q.İsmailinin sözlərinə görə, bu iş iki hissədən ibarətdir. Artıq ölən sərnişinlər və onların diyə məsələsi aydınlaşdırılıb. Məsələnin digər tərəfi baş verən hadisənin ümumi tərəfidir, hazırda bu istiqamətdə proses gedir.

 

Ötən günlərdə Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Təbriz-Məşhəd qatarının keçirdiyi qəzadan təxminən 3 il keçməsinə baxmayaraq hələ də hadisə ilə bağlı hesabatın açıqlanmadığına etiraz bildirmişdir, o hadisənin araşdırılmadığını Azərbaycan əhalisinə qarşı hörmətsizlik adlandırmışdır.

“Bu məsələyə görə parlamentin rəyasət heyətinə ciddi xəbərdarlıq etdim. Bildirdim ki, artıq hadisənin baş verməsindən 3 il, komissiyada müzakirə olunmasından isə 6 ay keçir. Nə üçün hələ də bu barədə parlamentə hesabat təqdim olunmayıb və həmin hesabat açıq iclasda oxunmayıb.”- deyə o qeyd etmişdir.

 

Azərbaycanlı millət vəkilinin sözlərinə görə, 161 deputat 3 ay əvvəl qatar hadisəsi ilə bağlı parlamentdə hesabatın oxunmamasına etiraz bildirib.

“Bu hadisəyə görə yalnız dövrün Yol və Şəhərsalma naziri cənab Axundi məsuliyyət daşımır. Hesab eliyirəm ki, hesabatın 10-cu parlamentdə oxunmasına imkan verməyən bir cərəyan mövcuddur. Bütün hallarda bu iş millət vəkilləri və Azərbaycan əhalisinə qarşı böyük hörmətsizlikdir.”- deyə Əhməd Əlirza Beygi vurğulamışdır.

 

Qeyd edək ki, 2016-cı il noyabrın 25-də Təbriz-Məşhəd qatarı İranın Siman əyalətində ağır qəza keçirib. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verdiyi deyilən qəzada təxminən 50 soydaşımız həlak olub. Bu günə qədər hadisənin təfərrüatı və ona səbəb olanların kimliyi açıqlanmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar