SON XƏBƏRLƏR

Təbriz “Şəhrdari” velosiped komandasının üzvü: Maliyyə problemləri ilə əlaqədar 6 idmançı yerinə 5 idmançı ilə yarışa başladıq

2021.10.20, 07:36
Təbriz “Şəhrdari” velosiped komandasının üzvü: Maliyyə problemləri ilə əlaqədar 6 idmançı yerinə 5 idmançı ilə yarışa başladıq

Gunaz.tv

GünAz TV: Bir çox problemlərdən sonra nəhayət ki, sentyabrın 30-da  33-cü “Azərbaycan velosiped turu”na start verildi.

 

Yarışların birinci mərhələsi Təbrizdə uzunluğu 151 kilometr olan Təbriz-Urmiyə marşrutu üzrə başlayıb. Velosipedçilər ikinci mərhələdə Urmiyədən Culfaya pedal çevirərək 209 kilometr məsafəni qət edəcəklər.

 

Sentyabrın 30-da start götürən yarışlar oktyabrın 5-dək davam edəcək.

 

Yarışlarda Azərbaycan Respublikası, Qazaxıstan, Almaniya, Hollandiya, Belçika, Rusiya, Litva (Litvani) və Çexiyadan olan 8 xarici komanda və ölkə daxilindən Təbrizin “Şəhrdari” və “GünAy” komandaları, həmçinin Yəzdin “Pişqaman Kəvir”, İran DFT və İranın milli komandası iştirak edir.

 

Bu arada Təbriz “Şəhrdari” Velosiped komandasının üzvü Səid Səfərzadə komandasının ağır maliyyə vəziyyətindən gileylənərək bildirib ki, “biz var gücümüzlə yarışlara güclü bir komanda kimi qatılmağa çalışdıq. Lakin maliyyə sıxıntıları ilə əlaqədar komanda 3 idmançını itirdi, bundan sonra “Şəhrdari” komandası müəyyən qədər zəiflədi.”

“Açılış mərasimində hamı gördü ki, komandamız 6 nəfərlik yarışlara, 5 idmançı ilə qatıldı. Bütün bunlara baxmayaraq yarışlarda yaxşı nəticə alacağımıza ümid edirəm”- deyə Səid Səfərzadə əlavə edib.

 

“Azərbaycan velosiped turu” o halda start götürdü ki, son həftələrdə maliyyə sıxıntılarından dolayı yarışların keçirilməyəcəyi barədə məlumat yayılmışdır.

Ötən günlərdə “Azərbaycan velosiped turu”nun katibi yarışlar üçün büdcə vəsaiti ödənilmədiyini elan edərək qeyd etmişdir ki, bu yarışları keçirmək üçün təxminən 3 milyard tümən məbləğində vəsait tələb olunur, lakin bu günə qədər bir rial belə ödənilməyib.

 

 “Azərbaycan velosiped turu”nun keçirilməsinə büdcə vəsaiti ayrılmaması azərbaycanlıların kəskin etirazı ilə qarşılandı,  bundan qısa müddət sonra yarışların keçirilməsinə qərar verildi.

 

Asiya Velosiped İdmanı Federasiyasının təqvimində “International Azerbaijan Tour” adı ilə qeydə alınan Azərbaycan Velosiped Turu 1986-ci ildən keçirilir və Asiyanın ən etibarlı turlarından biri sayılır.

 

İran rejimi son illərdə Azərbaycan turunu etibardan salmaq üçün müəyyən addımlar atıb. 2013-cü ildə (hicri-şəmsi təqvimi ilə 1392-ci il) “Azərbaycan Velosiped Turu”nun adı dəyişdirilərək “İran-Azərbaycan Velosiped Turu” adlandırılıb. Əvvəllər Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində keçirilən tur sonralar Zəncanda keçirməyib. Bundan əlavə, hər zaman yazın ikinci ayında keçirilən tur ötən il payızın ilk ayında keçirilib. Tur yağıntılar fəslində keçirildiyi üçün bir çox ölkə yarışlara qatılmaqdan imtina edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar