SON XƏBƏRLƏR

Təbriz Ticarət Palatasının rəisi: Süngün Mis Mədəninin illik 1 milyard dollar məbləğində gəliri Kirmana nəsib olur

2021.10.20, 07:36
Təbriz Ticarət Palatasının rəisi: Süngün Mis Mədəninin illik 1 milyard dollar məbləğində gəliri Kirmana nəsib olur

Gunaz.tv

GünAz TV: Təbriz Ticarət Palatasının rəisi Azərbaycanın Süngün Mis Mədəninin talanmasını tənqid edərək mədənin illik bir milyard dollar məbləğində gəlirinin Kirman əyalətinə nəsib olduğunu, yerli əhaliyə heç bir fayda vermədiyini diqqətə çatdırıb.

 

Bu barədə Yunis Jaelə jurnalistlərin qarşısında çıxış edib. “Hesablamalara görə, Süngün Mis Mədəninin ildə 1 milyard dollar məbləğində gəliri var. Bu məbləğ Kirman Əyalətində dövriyyəyə buraxılır, Şərqi Azərbaycan əhalisi bu vəsaitdən yararlana bilmir.”

 

Ticarət Palatasının rəisi vurğulayıb ki, bu məbləğ əyalətdə qalarsa, məşğulluq səviyyəsinin yüksəldilməsi ilə yanaşı bölgənin ümumiyyətlə iqtisadi inkişafına da təkan verə bilər.

 

Y.Jaelə əyalətin qərb sənaye şəhərciyində əsas sənayenin yaxşı durumda olmadığını diqqətə çatdıraraq qeyd edib ki, maşınqayırma, podşipnik (bolbrinq), kompressor, forklift (çəngəlli yükləyici) zavodları və s. kimi böyük sənaye müəssisələrimiz ciddi problemlərlə üzləşib. Hesab eliyirəm ki, problemin yaxın zamanda aradan qaldırılması üçün kütləvi informasiya vasitələri bu məsələyə xüsusi diqqət ayırmalıdır.

 

Şərqi Azərbaycanın Vərziğan məntəqəsində yerləşən Süngün Mis Mədəni Yaxın Şərq üzrə ən zəngin mis yataqlarına malik olan mədəndir. Süngün Mis Kompleksinin müdiri Rza Şərifi bir neçə il bundan əvvəl ölkədə istehsal olunan misin 40 faizinin məhz bu mədənə aid olduğunu bildirmişdir. Təəssüflər olsun ki, İran rejimi mis külçələrinin Güney Azərbaycan ərazisində istehsal olunmasına imkan vermir. Torpaq xammal kimi Kirmana aparılır, orada külçəyə çevrilir. İstehsal olunmuş külçələrin böyük hissəsinin Çinə satıldığı bildirilir.

Zəngin mis mədənindən əldə olunan gəlirin bölgə əhalisinə nəsib olmaması Azərbaycan əhalisi ilə yanaşı bəzi yerli məsulların da dəfələrlə etirazına səbəb olub, lakin İran rejiminin mövqeyində hər hansı dəyişiklik müşahidə olunmur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar