SON XƏBƏRLƏR

Təbriz universitetlərinin öyrəncilər dərnəkləri Astara və Ərdəbil öyrəncilərini dəstəkləyən bəyanat yayıb

2021.10.20, 07:36
Təbriz universitetlərinin öyrəncilər dərnəkləri Astara və Ərdəbil öyrəncilərini dəstəkləyən bəyanat yayıb

Gunaz.tv

GünAz TV: Təbriz universitetlərinin öyrəncilər dərnəkləri Azərbaycan ərazilərinin Güney Azərbaycandan qoparılıb digər əyalətlərə ilhaq edilməsi və Astaranın Azərbaycanın tarixi ərazisi olması ilə bağlı bəyanat yayaraq astara və ərdəbilli öyrəncilərə dəstək nümayiş etdiriblər.

 

Çap edilmiş vərəqələr şəkilində yayılan bəyanat virtual aləmdə də geniş yayılıb.

 

Bəyanatda ilk öncə Gilan Əyaləti millət vəkillərinin  “Heyran gədiyi” ilə bağlı Azərbaycana edilən ərazi iddiaları və bu zəmində səsləndirdikləri açıqlamaları, həmçinin azərbaycanlı millət vəkillərinin bu məsələyə səssiz qalması kəskin şəkildə pislənilib. Bildirilib ki, Astara və Ərdəbilin qeyrətli gənclərinin “Heyran gədiyi”nin Ərdəbildən qoparılması cəhdlərinə qarşı müqavimətləri və Astaranın yenidən Ərdəbilə ilhaq edilməsi ilə əlaqədar irəli sürdükləri tələblər olduqca təqdirəlayiq işdir, təbrizli öyrəncilər bu yolda onlara dəstəyini heç zaman əsirgəməyəcək.

 

“Biz təbrizli öyrəncilər yaxşı bilirik ki, paniranistlər, mərkəzdə oturanlar və onların əlaltıları Azərbaycanın qərb bölgəsini kürdlərə, Ərdəbil Əyalətinin bir hissəsini isə giləklərə bağışlamağa çalışır. Bu irqçi hərəkəti şiddətlə qınayır və elan edirik ki, Heyran, Ərdəbil, Qərbi Azərbaycan və ümumiyyətlə Azərbaycan torpaqlarına əl uzadanlara qarşı bütün gücümüzlə mübarizə aparıb, Babək, Səttarxan və Hüseynəli Səd Afərin kimi giləklər və digərlərinə bağışlanılan torpaqlarımızı geri qaytaracayıq.

Bu diyarın sərdarları torpaq yedilər, amma torpaq vermədilər. Biz də o nəsilin davamıyıq. Torpaq yeyərik, qan verərik, amma Azərbaycan torpağının bir qarışını belə kimsəyə vermərik.

Biz yazılmış qanun çərçivəsində Astaranı da geri alacayıq. Bu yolda heç nə bizi yolumuzdan döndərə bilməz”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Öyrəncilər sonda vurğulayıb ki, Astara Ərdəbilə ilhaq edilənədək mübarizə davam edəcək, artıq heç bir güc öyrənci hərəkatını dayandıra bilməyəcək.

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı bu əyalətin rəhbərliyinin irəli sürdükləri tələblər azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edirlər. Azərbaycana edilən ərazi iddisına qarşı etirazlar virtual aləmdə də genişlənməkdədir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar