İranda iqtisadi problemlər, tətbiq edilən embarqolar və infliyasiya Təbriz xalça ustaları və xalça bərpaçılarının köçünə səbəb olub.
Gunaz.tv
Bu gün fevral ayının 5-də Təbrizdə keçirilən toplantıda “İran Milli Xalça fondu”nun rəhbəri çox sayda xalça ustası, özəlliklə xalça bərpaçısının Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasına köç etdiyini bildirib. O, bu sənətin “Təbriz və İrana ayid olduğunu və xalçaçılara daha artıq qayğı göstərilməsinin” vacibliyini söyləyib.
Fərəhnaz Rafe xalça sənayesinin əsas stratejik ixracat məhsullarından biri olduğunu, ölkəyə külli məbləğdə valiyutanın cəlb olunmasında önəmli rol oynadığını və hal-hazırda bu sahədə azalmanın və ciddi tənəzzülün göründüyünü deyib.
İran Milli Xalça Mərkəzinin rəhbəri bu sahədə 2 milyon insanın çalışmasına baxmayaraq, onların siğorta problemlərinin həll olunmamış qaldığından gileylənib.
Güney Azərbaycan, Təbriz əllə toxuma xalçaçılıq sənətinə görə İranda və dünyada birinci yeri tutur. Təbriz 2015-ci ildə “Beynəlxalq Əl İşləri Şurası” tərəfindən “dünya Xalça Şəhəri” adına layiq görüldü. 2017-ci ildə isə həmin şura tərəfindən “Ümumdünya Əllə Toxuma Xalça Mərkəzi” seçildi.
Bu gün dünyanın bir çox ölkələrində, o sıradan Amerika, Kanada, almaniya, Fransa və b. ölkələrdə Təbriz xalçaçıları və ustaları fəaliyyət göstərirlər.
Bundan öncə “İran Əldə Toxuma Xalça İstehsalçıları və İxracatçıları Birliyi”nin sədri Əhməd Kərimi İsfahani, İranda bu sahəyə diqqət və qayğının azaldığı üçün bir çox usta və istehsalçıların Türkiyə Cumhuriyyətinə köçdüyünü bildirmişdi.
C.E
