SON XƏBƏRLƏR

Təbrizdə alkoqoldan zəhərlənmə ilə 40 nəfər xəstəxanaya yerləşdirilib

2021.10.20, 07:36
Təbrizdə alkoqoldan zəhərlənmə ilə 40 nəfər xəstəxanaya yerləşdirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda saxta alkoqollu içkilərdən kütləvi zəhərlənmə faktı bu dəfə Təbrizdə qeydə alınıb.

 

Təbriz Tibb Universitetinin müalicə məsələləri üzrə rəis müavini Dr. Höccət Purfəthi Təbrizdə alkoqoldan zəhərlənmə ilə xəstəxanaya 40 nəfərin yerləşdirildiyini bildirib.

 

O bu barədə “İsna” xəbər agentliyinə danışıb.

“Martın 19-da bir neçə nəfər alkoqoldan zəhərlənmə ilə Təbrizin Məhəllati xəstəxanasına müraciət edib. Sonra onların sayı artıb, hazırda zəhərlənənlərin sayı 40-a çatıb. Onlar Məhəllati və Sina xəstəxanalarında müalicə alır.

Martın 24-də universitet rəisi ilə birlikdə xəstəxanalara baxış keçirdik. Onların arasına beyin ölümünə düçar olanlar və ICU bölümündə saxlanılanlar var”- deyə o bildirib.

 

Onun sözlərinə görə, zəhərlənənlərin vəziyyəti ötən həftələrdə Əhərdə saxta alkoqollu içkilərdən zəhərlənənlərlə müqayisədə daha da ağırdır.

 

“Ehtimal olunur ki, bir qonaqlıqda alkoqollu içki qəbul olunub və sözügedən xəstələr həmin qonaqlıqda zəhərlənib. Amma bu barədə dəqiq məlumat yoxdur, hadisə polis tərəfindən araşdırılır”- deyə tibb universitetinin rəis müavini bildirib.

 

Oxşar hadisə ötən həftələrdə Qərbi Azərbaycan Əyalətinin Urmiyə, Piranşəhr və Bukan şəhərlərində, Ərdəbil Əyalətinin Meşginşəhr və Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində baş vermişdir. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə 1 nəfərin öldüyü və 73 nəfərin zərhərləndiyi, Qərbi Azərbaycan Əyalətində isə 7 nəfərin öldüyü və 38 nəfərin zəhərləndiyi açıqlanmışdır.

 

İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Ona görə də evdə əldəqayırma yolla hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar