SON XƏBƏRLƏR

Təbrizdə mərhum mühəndis Qulamrza Əmaninin növbəti ildönümü mərasimi keçirilib, tutulanlar var – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə mərhum mühəndis Qulamrza Əmaninin növbəti ildönümü mərasimi keçirilib, tutulanlar var – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində mərhum milli-mədəni fəal mühəndis Qulamrza Əmani və iki qardaşının 10-cu ildönümü mərasimi keçirilib, mərasimlə əlaqədar bir neçə fəal saxlanılıb.

 

Əraziyə çox sayda təhlükəsizlik qüvvələrinin cəlb olunmasına rəğmən oktyabrın 26-ı səhər saatlarında keçirilən mərasimdə izdiham yaşanıb.

 

Anım mərasimi “Maralan” qəbiristanlığında mühəndis Qulamrza Əmani və iki qardaşının məzarı üstündə baş tutub. Mərasimə Əmani ailəsi ilə yanaşı Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn çox sayda fəal qatılıb.

 

Məlumata görə, Ettelaat əməkdaşları ötən günlərdə Əmani ailəsi ilə əlaqə saxlayaraq mərasimin keçirilməsi ilə bağlı xəbərdarlıq ediblər.

 

Təhlükəsizlik qüvvələri həmçinin bir çox azərbaycanlı fəala zəng edərək bildiriblər ki, mərasimə qatılacaqları təqdirdə həbs olunacaqlar.

 

Məmurlar təbrizli fəallar Ramin Cəbrəili və Cəlil Tarinin evinə bir neçə dəfə müraciət edərərk evdə axtarış aparıblar. Fəalların evdə olmadığı üçün təqib olunduğu bildirilir.

 

Mərasimlə əlaqədar İbrahim Rəncbər, Səccad Əfruzian, Sədulla Sasani və xanım Həkimə Əhmədinin saxlandığı bildirilir. Bundan əlavə, mərhum Qulmarza Əmaninin qardaş uşaqları 11 yaşlı Araz Əmani və Əmir Əmani mərasimə qatılmasınlar deyə oktyabrın 24-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Mərasimə qatılan fəallardan biri mövzu ilə bağlı GünAz TV-yə danışıb.

“Mərasimə yüzlərlə insan qatıldı. İbrahim Rəncbər və Səccad Əfruziyan mərasimdən əvvəl təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qəbiristanlığa çox sayda təhlükəsizlik qüvvələri cəlb olunmuşdur, lakin biz mədəni şəkildə şəhid Qulamrza Əmaninin məzarı başında toplaşdıq. Buna baxmayaraq təhlükəsizlik qüvvələri Stalinin məmurları kimi bizə hücum çəkdilər və Səməd Cohəri adlı bir məmur mərasimdəki xanımlardan birini döyməyə başladı. Bu vəziyyətdən narahat olan ətrafdakılar həmin məmuru ərazidən uzaqlaşdırdılar. Bundan sonra mərasim iştirakçıları gur səslə “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı, sonra isə milli marş və şeirləri oxudular”- deyə o bildirib.


Həmin fəal əlavə edib ki, məmurlar mərasimin çox səssiz keçirilməsinə çalışdılar, lakin onlar buna nail olmadı və mərhumun məzarı başında müxtəlif milli şüarlar səsləndirildi.

 

Maralan qəbiristanlığına toplaşan əksər soydaşlarımızın köynəklərinə mühəndis Qulamrza Əmaninin şəkilləri yapışdırılıb.

 

Qulamrza Əmani 2008-ci il oktyabrın 23-də iki qardaşı ilə birlikdə şübhəli bir yol qəzasında dünyasını dəyişib. Şübhəli qəzanın “Sepah” tərəfindən törədildiyi ehtimal olunur.

 

Yuxarıda adları çəkilən fəallardan əlavə, ötən günlərdə Güney Azərbaycanda Məhərrəm Kamrani, xanım Nəsim Sadiqi və Rza Zarei adlı fəallar da saxlanılıb.

 

 

https://www.youtube.com/watch?time_continue=3&v=8o20eM-B9Wc

 

 

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar