Xəbər verildiyi kimi martın 28-də Təbriz Universitetinin yaxınlığındakı keçmiş “Fələkeyi Danişqah”, indiki “Canbazan” meydanında quraşdırılan “Musiqi Piano” qurğusu (elemanı) bir gün sonra, martın 29-dan-30-a keçən gecə sökülüb.
Gunaz.tv
Lakin bu hadisə bələdiyyə və başqa qurumlar arasında qalmaqala səbəb olub. Təbrizlilərin sosial mediada başlatdıqları etiraz qurğunun sökülməsinin məsuliyyətini qəbul etməyən əlaqədar qurumları müxtəlif və ziddiyyətli açıqlamalar verməyə məcbur edib.
Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Maarif Təşkilatının sədri Seyid Qasım Nazimi rəhbərlik etdiyi qurumun bu işdə əlinin olmadığını deyib.
Təbriz bələdiyyəsi isə gecikmiş açıqlamasında elemanın yerinin təmir ediləcəyini, “Musiqili piano”nun yenidən quraşdırılacağını bildirib.
Qeyd edək ki, sosial mediada yayılan məlumata görə, “Musiqili piano”nun “islam mədəniyyətinə zidd olduğu" üçün Seyid Əli Xamneyinin Şərqi Azərbaycanda üzrə nümayəndəsi və Təbrizin cümə imamı Seyid Məhəmməd Əli Al-i Haşiminin göstərişi ilə sökülüb.
Dünən, aprelin 1-i axşam saatlarında Təbriz şəhərinin bələdiyyə başçısı yenidən məsələyə aydınlıq gətirməyə məcbur olub.
İrəc Şəhin Bahir mətbuat konfransı keçirərək bu hadisədən fitnəkarların, düşmənlərin yararlandığını, bundan hökumətə qarşı təbliğat vasitəsi kimi istifadə etdiklərini deyib.
O, “Musiqili piano”nun qurğusunun islam mədəniyyətinə zidd olduğunu bildirib və bu işdə əli olanların əməllərini “şübhəli” adlandırıb. Onlara qarşı ciddi ölçü götürüləcəyini bildirib.
İrəc Şəhin Bahirin sözlərinə görə, bu əməli törədənlərin bu işə qəsdən və ya bilməyərəkdən əl atması araşdırılacaq.
O, bildirib ki, məsələnin xarici mətbuatda hallandırılması ictimai rəyi çaşdırmaq və iğtişaş yaratmaq məqsədilə həyata keçirilib.
Bələdiyyə başçısının bu bəyanatının Təbrizin cümə imamı və radikal qanadın təzyiqi altında verdiyi deyilir.
C.E