SON XƏBƏRLƏR

Təbrizin 3 millət vəkilindən Təhsil nazirinə etiraz

2021.10.20, 07:36
Təbrizin 3 millət vəkilindən Təhsil nazirinə etiraz

Gunaz.tv

GünAz TV: İranın Təhsil nazirinin məktəblərdə fars dilinin tədrisini qırmız xətt adlandıraraq qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulaması  geniş etirazlara səbəb olub.

 

Məlumata görə, məsələyə Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi münasibət bildirərək nazirin açıqlamasını əsassız adlandırıb, türk dilinin tədrisinə başlanılmasını tələb ediblər.

 

Məhəmməd İsmail Səidi

 

“Bizim ölkəmizdə müxtəlif etniklər yaşayır. Onlar əsrlər boyu birlikdə yaşayıblar. Lakin bu birlik o zamanadək davam edə bilər ki, bütün qövmlərin kimliyi qorunub saxlanılsın. Bu zəmində hər hansı yanlışlığa yol vermək olmaz. Bu sözlərin təhsil nazirinə aid olmadığına ümid edirəm. Bizim ondan başqa gözləntimiz var. Amma nazir bu sözləri deyibsə, o zaman sözünü geri almalıdır. Şübhəsiz ki, digər millət vəkilləri də bu məsələyə münasibət bildirəcəklər. Bu işlər belə davam edə bilməz”- deyə Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi “Anac” xəbər agentliyinin müxbirinə deyib.

 

Təbrizin digər millət vəkili Zəhra Sai də oxşar açıqlama ilə çıxış edib.

 

Zəhra Sai

 

Bu barədə “Nəsr News”a danışan millət vəkili nazirin son sözlərini çiy və düşünülməmiş açıqlama adlandırıb.

 

“Əhalinin əsas tələblərindən biri ana dilinin tədris olunmasıdır. Biz bunu dəfələrlə gündəmə gətirmişik. Bu məsələ ölkə konstitusiyasının 15 və 19-cu maddələrində də öz əksini tapıb.

Hər millətin kimliyi onun ana dili ilə formalaşır. Kimsə bunu əhəmiyyətsiz bir məsələ kimi qələmə verə bilməz. Ölkədə yaşayan bütün qövmlər bizim zənginliyimizdir, bu qövmlərin dərin mədəniyyətləri var. Türk dili olduqca zəngin və fəsahətli dildir, bu dil mütləq qorunub saxlanılmalıdır.

Hesab edirəm ki, cənab Bəthayinin qırmızı xətti heç bir əhəmiyyət kəsb etmir. Bizim qırmızı xəttimiz ölkə konstitusiyasıdır. Lakin görünür ki, hörmətli naziri bu çiy sözləri ilə konstitusiyanı da görməzdən gəlir”- deyə Zəhra Sai sözlərinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı millət vəkili sözlərinin sonunda təkidlə bildirib ki, “təhsil naziri türk dilinin tədrisi üçün şərait yaratmasa nazirə parlamentdə sual ünvanlanacaq, o millət vəkillərinin qarşısında cavabdehlik daşıyacaq.”

 

Təhsil nazirinin qeyri-fars dillərinə qarşı açıqlamasına etiraz edən millət vəkillərindən biri də Təbriz, Azərşəhr və Üskünün millət vəkili Məhəmməd Hüseyn Fərhəngidir.

 

Məhəmməd Hüseyn Fərhəngi

 

Bu barədə “İsna” xəbər agentliyinə danışan millət vəkili məktəblərdə türk dilinin tədris olunmasını ölkə konstitusiyasına uyğun olduğunu deyib.

“Təhsil Nazirliyi ana dilinin məktəblərdə tədris olunmasına qadağa qoya bilməz. Ona görə ki, bu qərar konstitusiyanın 15-ci maddəsinə zidd olar. Türk dilinin  məktəblərdə tədris olunması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması əhalinin əsas tələblərindən biridir. Prezident Həsən Ruhani də bu iki tələbin təmin edilməsi haqda vəd vermişdir, lakin təəssüflər olsun ki, 6 ildir verilən vəd yerinə yetirilmir”- deyə Məhəmməd Hüseyn Fərhəngi açıqlamasının bir hissəsində qeyd edib.

 

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

 

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

 

Soydaşlarımız nazirin bu açıqlamasına kəskin etirazlarla cavab veriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar