SON XƏBƏRLƏR

Təbrizin Mərkəzi Zindanında aclıq edən Vəliolla Tağızadənin aksiyası 43-cü günə daxil olub

2021.10.20, 07:36
Təbrizin Mərkəzi Zindanında aclıq edən Vəliolla Tağızadənin aksiyası 43-cü günə daxil olub

Gunaz.tv

GünAz TV: Təxminən 12 il əvvəl edama məhkum edilmiş ərdəbilli məhbus Vəliolla Tağızadənin aclıq aksiyası 43-cü günə daxil olub.

 

Məhbusun iddiasına görə, o ittihamlarını sübut edən yetəri qədər sənəd olmadan edam cəzasına məhkum edilib. Məhbus dosyesinə baxılmasının uzun sürməsi və qeyri-müəyyən vəziyyətdə saxlanıldığına etiraz olaraq fevralın 14-də aclıq aksiyasına başlayıb.

 

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, V.Tağızadə bu müddətdə 22 kiloqram çəki itirib və davamlı olaraq qan təzyiqinin aşağı düşməsindən şikayətlənir. Məhbusun ona sistem köçürməyə icazə vermədiyi də bildirilir.

 

Təxminən ay yarımdır aclıq aksiyasında olan məhbusun vəziyyəti ilə bağlı heç bir rəsmi şəxs maraqlanmayıb.

 

Bundan öncə V.Tağızadənin yaxınlarından biri mövzu ilə bağlı bildirmişdir ki, “Tağızadə bir neçə dəfə səlahiyyətli orqanlara məktub ünvanlayaraq dosyesinin araşdırılmasının həddindən artıq uzanmasına etiraz edib. Bu barədə onun vəkili və ailəsi də lazımi orqanlara müraciət edib, lakin o hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.”

 

Mənbənin verdiyi məlumata görə, V.Tağızadə ötən aylarda da  aclıq aksiyası keçirib, onun aksiyası 23 gün davam edib. Məhbus həbsxananın müavini və zindana nəzarət edən hakim tələblərinin təmini ilə bağlı söz verdikdən sonra aclıq aksiyasını dayandırıb, lakin yenə də verilən vədlər yerinə yetirilməyib.

 

“V.Tağızadə özünə qarşı  irəli sürülən ittihamları rədd edərək təxminən 12 il əvvəl Polis İdarəsinin Asayiş Şöbəsində (Aqahi İdarəsi) işgəncələr altında etiraf edib. Onun günahsız olduğunu hətta şikayətçi də bilir, ona görə də hökmün icra olunmasını tələb etmir. Bütün bunlara baxmayaraq hakim onun barəsində edam hökmü çıxarıb, o hələ də həbsdədir”- deyə mənbə əlavə edib.

 

Təbrizin Mərkəzi Zindanının 9-cu korpusunda məhbus həyatı yaşayan V.Tağızadənin 42 yaşı var, o əslən Güney Azərbaycanın Ərdəbil şəhərindəndir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar