GünAz TV: Gələn ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi dərəcəsinin digər vilayətlərlə müqayisədə daha çox artırılması yerli məsulların kəskin etirazına səbəb olub.
Məsələyə münasibət bildirən Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili gələn ilin büdcə layihəsində Şərqi Azərbaycan vilayəti üçün nəzərdə tutulan büdcə vəsaitinin azaldıldığı və vergi dərəcəsinin artırıldığını qeyd edib.
“Ölkədə vergi dərəcəsinin artımı orta hesabla təxminən 10 faizdir. Lakin bu rəqəm bütün vilayətlər üçün eyni deyil. Şərqi Azərbaycan millət vəkillərinin əsas etirazı bundan ibarətdir ki, son bir ildə gəlirimizin artmadığı bir halda, həmçinin iqtisadi durğunluq və inflyasiyanın (təvərrum) yüksək səviyyədə olduğu bir dönəmdə nə üçün vergi dərəcəsi bu qədər artmalıdır. Bu vəziyyətdə dövlətin təyin etdiyi vergi hansı mənbədən təmin olunacaqdır?!” deyə Şəhabəddin Bimiqdar “Anac” saytının müxbiri ilə danışıqda bildirib.
Millət vəkili, Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Mərkəzinin rəisi Davud Behbudinin bu barədə gözlənilməz açıqlamasına da münasibət bildirib. “Bu bir məntiqsiz açıqlamadır. Cənab Məsud Pezeşkiyan artıq onun cavabını veribdir. Mən də qeyd edirəm ki, bizim savadımız yoxdursa, onda cənab Behbudi bu barədə bizə öyrətsin. Mən sənədlə, faktla danışıram”- deyə o əlavə edib.
Qeyd edək ki, Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudi iki gün öncə jurnalistlərə bildirib ki, hələlik vergi dərəcəsinin nə qədər artdığı məlum deyil və bu barədə vilayətlər üçün nəzərdə tutulan vergi dərəcəsinin səviyyəsi açıqlanmayıb. Bəziləri tərəfindən bu barədə yayılan məlumat onların savadsızlığı vəya qərəzli mövqeyindən irəli gəlir”- deyə o qeyd etmişdir.
Xatırladaq ki, gələn ilin büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının digər vilayətlərlə müqayisədə həddindən artıq çox olması, rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qəbul olunur. Yerli məsullar hazırlanan büdcə layihəsi təsdiq edilmədən, ona düzəliş etdirməyə çalışırlar. Bundan öncə də azərbaycanlı millət vəkilləri Məsud Pezeşkiyan, Əhməd Əlirza Beygi, Məhəmməd İsmail Səidi, Zəhra Sai, Nadir Qazipur, həmçinin Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə və Zəncan valisi Əsədulla Dərviş Əmini oxşar açıqlamalar verərək Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının həddindən artıq çox olmasını kəskin tənqib ediblər.
Zəncan Vilayəti Deputatlar Birliyi isə ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq vilayət üçün nəzərdə tutulan vergi dərəcəsinə düzəliş etməyi tələb ediblər. Millət vəkilləri nəzərdə tutulan vergi dərəcəsini bölgədəki mövcud iqtisadi vəziyyətə uyğun gəlmədiyini vurğulayıblar.
Məktub Zəncanın millət vəkili Əli Vəqfçi və Fridun Əhmədi, Xudabəndənin millət vəkili Əhməd Beygdeli, Əbhər və Xorrəmdərənin millət vəkili Əzizi və Mahnişanın millət vəkili Xatəmi tərəfindən imzalanıb.
Xatırladaq ki, gələn il büdcə layihəsində vergi dərəcəsinin artımı Şərqi Azərbaycan üçün 13.9, Zəncan vilayəti üçün 28, Qərbi Azərbaycan üçün 7.6, Tehran vilayəti üçün 6.7, İsfahan vilayəti üçün 2 və Fars vilayəti üçün 6.6 faiz nəzərdə tutulub. Ölkə vilayətləri arasında vergi artımı orta hesabla 9.8 faizdən ibarətdir.
N.S