SON XƏBƏRLƏR

Təbrizin millət vəkili: Yol qəzalarını azaltmaq üçün yetəri qədər iradə yoxdur

2021.10.20, 07:36
Təbrizin millət vəkili: Yol qəzalarını azaltmaq üçün yetəri qədər iradə yoxdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan səlahiyyətli orqanlarda yol qəzalarını azaltmaq üçün yetəri qədər iradə olmadığını bildirib.

 

O bu barədə 4-cü Beynəlxalq Təhlükəsiz Camiyyət Konfransında çıxış edib.

 

“Yollarda insanların həyatı ilə oynayan sürücülərə qarşı ciddi tədbir alınmalıdır. Onlar təkcə cərimə ödəyib sonra öz davranışlarını davam etdirməməlidir.

Bəziləri deyir ki, yol qəzalarını azaltmaq üçün iradə var, lakin proqramımız yoxdur. Mən bu sözlə razı deyiləm. Ona görə ki, iradə olsaydı, bir yol tapmaq mümkün olardı. Hesab eliyirəm ki, proqram var, amma yetəri qədər iradə yoxdur.

Biz insanların həyatına əhəmiyyət verməliyik. Bu məqsədlə qanunu pozaraq onların həyatı ilə oynayanlara qarşı lazımi tədbir alınmalıdır.”- deyə o vurğulayıb.

 

Məsud Pezeşkiyan avtomobil qəzaları ilə əlaqədar yol infrastrukturuna da işarə edib. O vurğulayıb ki, baş verən yol qəzalarında insan amili ilə yanaşı yol infrastrukturu da böyük rol oynayır. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalı və yolların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.

 

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənirlər. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzalarının əsas səbəbi kimi göstərir.

Ölüm və xəsarət alma ilə nəticələnən yol qəzaları o həddə çatıb ki, Güney Azərbaycanda bir neçə magistral yol “ölüm caddəsi” adlandırılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar