Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri Qarabağda yenidənqurma işlərində İranın iştirak etməsi üçün Xudafərin gömrüyü açılmalı olduğunu deyib.
Gunaz.tv
Ə.Cahangiri bu gün, yanvar ayının 9-u “Qarabağın yenidən qurulmasında iştirak etmək və iki ölkə arasında gəliş-gedişin asanlaşdırılması üçün Xudafərin gömrüyünün açılması vacibdir” deyə mətbuata açıqlama verib.
O, Xudafərin körpüsünün təmirinin Azərbaycan və İran dövlətləri üçün əsas hədəflərdən biri olmasının zəruriliyini deyib. Vali müavininin fikrincə bu Şərqi Azərbaycanla Qarabağın azad edilmiş bölgələri arasında gediş-gəlişin çoxalması üçün prioritet layihə olmalıdır.
Əli Cahangiri açıqlamasında Xudafərin gömrüyünün açılışından sonra bölgə ölkələri, o cümlədən Türkiyənin öz mallarını ixrac etməkdə istifadəsi üçün sərfəli variant olacağını, bunun Türkiyə, İran və Azərbaycanın mənafelərinə xidmət edəcəyini söyləyib.
Qarabağın və çevrəsindəki işğal olunmuş torpaqların azad edilməsi uğrunda aparılan əməliyyatlarda sərgilədiyi ədalətsiz mövqeyə görə Arazın hər iki tayında azərbaycanlıların ciddi qınağına tuş gələn Tehran hökuməti, azad edilmiş bölgələrin yenidənqurma işlərində pay almaq üçün ciddi səylər göstərir.
İrana qarşı münasibətin fərqində olan Tehran hökuməti bu istəklərini Güney Azərbaycan əyalətləri adı altında həyata keçirməyi planlaşdırıb.
Qarabağda əməliyyatların dayandırılmasından dərhal sonra Tehran başqa sahələrdən fərqli olaraq, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin məsullarına Azərbaycan Rrespublikası ilə iqtisadi əlaqələrin qurulması üçün əlavə səlahiyyətlər verib.
Bir neçə gün öncə “İran Ticarət İnkişafı Təşkilatı”nın rəhbəri İran Sənaye, Mədən və Ticarət nazirinin göstərişi ilə Şərqi Azərbaycanda “Qarabağa İxracatın İnkişafı Qərargahı”nın qurulmasından xəbər vermişdi.
Eyni halda İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Ərdəbil valisi Əkbər Behnamcu “Azərbaycan əyalətlərinin qarabağın yenidən qurulmasında iştirak potensialı” mövzusunda görüş keçiriblər.
Görüşdə S.A.Musəvi “Azərbaycanda İranı Təbrizlə tanıyırlar” fikrini deməklə, Azərbaycan əyalətlərinin ixracat və təmir-tikinti işlərində iştirak etmək üçün ciddi səy göstərməli olduqlarını bildirib.
İndiki durumda çarəsiz və oyundan kənarda qalan Tehranın Zəngəzur dəhlizinin açılışının reallaşmasından ciddi narahatlıq keçirdiyi hiss olunur.
Tehran hökuməti, buna mane olmağa çalışmaqla yanaşı müxtəlif alternativlər varianlar axtarmağa və təklif etməyə başlayıb. Xudafərin gömrüyünün açılması təklifi Zəngəzur dəhlizinə uğursuz alternativ variant sayıla bilər.
C.E