SON XƏBƏRLƏR

Tehran metrosunda daha 1 qadın baş örtüyünü açıb, bir xanım da hicabına görə polis zorakılığına məruz qalıb - VİDEOLAR

2021.10.20, 07:36
Tehran metrosunda daha 1 qadın baş örtüyünü açıb, bir xanım da hicabına görə polis zorakılığına məruz qalıb - VİDEOLAR

Gunaz.tv

GünAzTV: İranda molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 1 qadın baş örtüyünü açıb, digər bir qadın isə baş örtüyünə rejimin istədiyi kimi riayət etmədiyinə görə  polis zorakılığına məruz qalaraq həbs edilib.

 

Aprelin 26-da Tehran metrosunda, qatarların birində bir qadın baş örtüyünü açaraq digər qadın sərnişinləri öz hüquqları uğrunda birgə mübarizəyə çağırıb. Qadınlara səslənən bu xanım, onları qarşıdan gələn dünya fəhlələrinin 1 May Beynəlxalq Həmrəylik Günündə keçiriləcək toplantılara qatılaraq kişilərlə bərabər hüquq uğrunda dinc mübarizəyə çağırıb.

 

Adı mediaya bəlli olmayan bu xanım bildirib ki, qadınlar birləşərək əl-ələ verməli, onlara qarşı tətbiq edilmiş ədalətsizliyə qarşı mübarizə aparmalı, əmək haqlarının kişilərlə bərabərləşdirilməsini tələb etməli və məcburi hicaba qarşı çıxaraq küçələrdə baş örtüklərini açan xanımlara dəstək verməlidir. Bu etirazçı xamımın sonrakı taleyi, onun tutulub-tutulmaması barədə məlumat yayılmayıb.

 

Həmçinin, həmin gün, axşam saatlarında paytaxt Tehran küçələrinin birində daha 1 qadın geyiminə görə polis zorakılığına məruz qalıb. Belə ki, qadın polislər, hicabına irad tutduqları bir xanıma zorakılıq tətbiq edərək onu döyə-döyə və darta-darta polis maşınına mindirib naməlum istiqamətə aparıblar. Tutulan xanımın adı və hazırda harada saxlanılması barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına təxminən dörd ay əvvəl (deyin 6-da) start verilib. Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi hicaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb.

 

Son aylar,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçədə baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Bununla bağlı paytaxt Tehranda və digər şəhərlərdə onlarla qadın həbs edilib.

 

VİDEOLAR:

 

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar