GünAzTV: Yanvarın 19-u sübh saatlarında Tehranda 17 mərtəbəli məşhur “Plasko” geyim ticarət mərkəzində yanğın baş verib.
Hadisə sübh saat 7:30 radələrində baş verib və binanın yuxarı mərtəbələrindən başlanan yanğın az bir zamanda digər mərtəbələrə sirayət edib. Yanğını söndürmək üçün 10 yanğınsöndürən mərkəzinin maşınları və 200 yanğınsöndürən hadisə yerinə cəlb olunsa da, yanğını tamamilə söndürmək mümkün olmayıb. Nəticədə bina bir neçə saat yanandan sdonra sübh saat 11 radələrində tamamilə çöküb. Hadisə nəticəsdində ən azı 40 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya itgin düşüb. Yanan və itgin düşənlərin çoxu yanğınsöndürənlərdir. Hadisədə ölənlərin olub-olmadığı haqda məlumat yayılmayıb. Yanğına, konkret nəyin səbəb olduğu hələlik bilinmir və məsələ araşdırılır.
Tehran ostandarının təhlükəsizlik məsələləri üzrə müavini Möhsün Həmədani isə jurnalistlərə açıqlamasında bildirib ki, “Plasko” ticarət mərkəzinin binası, Türkiyə, Böyük Britaniya və Almaniya səfirliklərinə yaxın olduğu üçün həmin səfirliklər boşaldılıb: “Sübh saat 10-da həmin səfirliklərlə əlaqə saxlayaraq mümkün hər hansı bir təhlükənin qarşısını almaq üçün onların boşaldırılmasını istədik. Belə də oldu və hər üç səfirlik boşaldırıldı. Xatırladaq ki, “Plasko” ticarət mərkəzi 53 il əvvəl istifadəyə verilmişdi.
A.M