SON XƏBƏRLƏR

Tehranda kəskin bahalaşma səbəbindən mənzillər müştərisiz qalıb

2021.10.20, 07:36
Tehranda kəskin bahalaşma səbəbindən mənzillər müştərisiz qalıb

Gunaz.tv

GünAz TV: İran Mərkəzi Bankı Tehranda mənzillərin kəskin bahalaşması səbəbindən müştərisiz qaldığı barədə məlumat yayıb.

 

Məlumata əsasən, mordad (23-iyul- 23 avqust) ayı ərzində şəhərdə satılmış yaşayış evlərinin sayı ümumilikdə 3300 olub, bu isə ötən ilin oxşar dövrü ilə nisbətdə 73% azalma təşkil edir.

 

Qeyd edilən ayda daşınmaz əmlak agentlikləri tərəfindən satılmış mənzillərin 1m²-nin qiyməti orta hesabla 130 milyon riyaldan bir az artıq olub. Bu isə keçən ilin bu dövrü ilə müqayisədə 76% bahalaşmanın olduğunu göstərir.

 

Bankın hesabatında digər şəhərlərdəki vəziyyətlə bağlı məlumat verilməyib. Lakin İran Mərkəzi Statistika Komitəsinin son yaydığı hesabatda ölkənin hər yerindən mordad ayı ərzində keçən ilə nisbətən ev kirayəsi və satışı sahəsində 23% artımın müşahidə olunduğu qeyd edilir. Komitənin məlumatına görə, cari ilin mordad ayına qədər olan 12 aylıq dövrdə ötən ilin oxşar dövrünə nisbətən bu sahədə mövcud inflyasiyanın həddi təqribən 33% olub.

 

Mərkəzi Bank bu zaman diliminə olan detalları açıqlamasa da, son 5 ay ərzində ev qiymətlərində ötən ilin analoji dövrü ilə müqayisədə 96% artım müşahidə olunduğunu bildirib.

 

Bankın hesabatına əsasən, son 5 ay ərzində Tehranda satılmış evlərin ümumi həcmi təqribən 30 min olub, bu isə keçən ilin eyni dövrünə nisbətən 54% azalmadan xəbər verir.

 

5 ay ərzindən daşınmaz əmlak agentliklərinin satdığı mənzillərin 1m²-nin qiyməti orta hesabla 127 milyon riyal təşkil edib. Ötən ilin oxşar dövründə isə bu qiymət iki dəfə ucuz olub.

 

Bank mordad ayı ərzində Tehranda ev kirayələrinin qiymətlərində də ötən ilin eyni ayına nisbətən təqribən 26-28% artım müşahidə olunduğunu deyir.

 

Qeyd etmək lazımdır ki, İranın dövlət qurumları əhali arasında narazılıqların artmaması üçün bahalaşmanın həddini olduğundan dəfələrlə aşağı göstərir. Mütəxəssislər və müstəqil tədqiqat mərkəzləri əslində Tehran və ona yaxın şəhər və qəsəbələrdə sözügedən sahədə qiymətlərin son 1 il ərzində 5 dəfədən çox artdığını deyirlər.

 

İran Milli Məclisinin deputatı Məcid Kiyanpur iyunun 30-da yerli media orqanlarına verdiyi müsahibədə ölkə əhalisinin 25%-dən çoxunun kirayə yaşadığını və qiymət artımları səbəbindən insanlar, xüsusən də cavan cütlüklər üçün ev almağın əlçatmaz arzuya çevrildiyini demişdi.

 

Eyni zamanda, bir müddət əvvəl Milli Məclisin Tikinti Komisssiyasının idarə heyətinin üzvü Əhsən Ələvi isə ölkədə 2.5 milyon satılmamış evin mövcud olduğunu bildirmişdi.

 

Xatırladaq ki, İranda son 1 il ərzində əksər sahələrdə qiymətlər 300%-ə qədər artıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar