GünAzTV: Yanvarın 19-da Tehranda məşhur “Plasko” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ən azı 25 yanğınsöndürən həlak olub, 80 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf yanvarın 20-də jurnalistlərə açıqlamasında bildirib ki, ticarət mərkəzinin yuxarı mərtəbələrində başlayan yanğın, 4 saat davam edib. Yanğını söndürmək üçün onlarla yanğınsöndürən binaya daxil olub. Lakin az sonra gözlənilmədən binanın çökməsi nəticəsində ən azı 25 nəfər yanğınsöndürən uçan binanın qalıqları altında qalıb. Qalibaf bildirib ki, hadisədə ən azı 80 nəfər də yaralanıb.
Hadisədən bir gün keçməsinə baxmayaraq yanğınsöndürənlərin uçqunlar altından çıxarılması üçün aparılan əməliyyatlar davam edir.
Yanvarın 19-da Tehranda 17 mərtəbəli məşhur “Plasko” geyim ticarət mərkəzində yanğın baş verib. Hadisə sübh saat 7:30 radələrində baş verib və binanın yuxarı mərtəbələrindən başlanan yanğın az bir zamanda digər mərtəbələrə sirayət edib. Həmin vaxt Ticarət mərkəzinin yaxınlığında olan 3 ölkənin, Türkiyə, Böyük Britaniya və Almaniya səfirlikləri təhlükəsizlik məsələlərini nəzərə alaraq boşaldılıb.
Qeyd edək ki, İranda ilk modern hündür bina sayılan “Plasko” ticarət mərkəzini məşhur yəhudi tacir və biznesmen Həbibullah Elqaniyan 60-cı illərin əvvəllərində (1341-ci ildə) tikib. O, 1979-cu ildə ruhanilərin hakimiyyətə gəlməsindən sonra yaxalanıb və İsrailə casusluqda günahlandırılaraq edam edilib. Sonra isə onun bütün var-dövləti, o cümlədən də “Plasko” ticarət mərkəzi müsadirə edilib.
A.M