SON XƏBƏRLƏR

Təriqətçiliyin təhlükəli tərəfləri_ Mənəvi parçalanma yarada biləcək ideoloji məqamlar

2021.10.20, 07:36
Təriqətçiliyin təhlükəli tərəfləri_ Mənəvi parçalanma yarada biləcək ideoloji məqamlar

Gunaz.tv
Təriqətçiliyin təhlükəli tərəfləri Mənəvi parçalanma yarada biləcək ideoloji məqamlar Azərbaycan cəmiyyəti açıldıqca onun potensial imkanları da genişlənir. İnsanların həyatında baş verən müsbət dəyişikliklər bütövlükdə cəmiyyətdə mənəvi ab-havanı dəyişir. Azərbaycan cəmiyyəti daha monolit və yeniliyə həssas olur. Bu prosesdə cəmiyyəti parçalamağa yönəlik cəhdlərə də rast gəlinir. Demokratiya yolunu tutmuş bütün cəmiyyətlərdə bu problem vardır. Cəmiyyəti mənəvi olaraq parçalamaq cəhdlərinin qaynaqları da fərqli ola bilir. Azərbaycan üçün bu məsələnin özəlliyi vardır. Ölkə mətbuatı çox vaxt missionerlərin fəaliyyətindən bu aspektdə yazır. Missionerlər insanların dini inancı ilə bağlı təbliğatlar aparırlar və onları bir-birinə qarşı qoymağa çalışırlar. Təəssüf ki, həmin bağlılıqda İslamda olan təriqətləri şişirtməyə meyli olanlar da az deyil. Bəzi yazarlar məzhəb mənsubluğunu təftiş edən kimi özlərini göstərərək, əslində insanlarımız arasında ayrı-seçkilik salırlar. Mətbuata çıxan məqalələrdə hər hansı təriqəti başqasından üstün tutmaq tendensiyasına rast gəlirik. Burada söhbətin sünnülükdən və ya şiəlikdən getməsinin fərqi yoxdur. Hər hansı təriqətçilik Azərbaycan cəmiyyəti üçün təhlükəlidir. Özü də onlardan birinin digərindən üstünlüyünü "tarixi və elmi faktlarla" sübut etməyə çalışan adamın nə dərəcədə səhv etdiyini dərk etməməsi qorxuludur. Dövlətçilik tariximizlə bağlı yanlış təsəvvürləri məlumatsız adamların şüuruna məzhəb mənsubluğu prizmasında yeritmək birbaşa xarici qüvvələrə xidmət etmək deməkdir. Ona görə də bu sahədə insanlarımızın ehtiyatlı olması lazımdır. İslam bölünməzdir. İslamı sevən adam nə sünnüdür, nə də şiə, o, müsəlmandır. Yəni müsəlman olmaq ilk növbədə İslamı təriqətə bölməməkdir. Məzhəb mənsubluğunu siyasi-ideoloji fərqlilik səviyyəsinə qaldırmaq isə dini əsasda cəmiyyəti parçalamağa bərabərdir. Azərbaycan mətbuatında bu kimi yazıların getməsini doğru saymırıq. Onu vurğulamaq gərəkdir ki, hazırda cəmiyyətimizi mənəvi müstəvidə parçalamağa çalışan qüvvələr vardır. Onlar xaricdə yerləşiblər. Fürsətdən istifadə edərək inanc məsələlərinə çox tolerant olan azərbaycanlıların milli hissiyyatları ilə oynayırlar. Paradoksal bir vəziyyət yaranır - bütün fərqli dini inanclara tolerantlıq nümunəsi olan Azərbaycanda İslamda təriqətçiliyi gizli dəstəkləyənlər vardır. Onlar mətbuatdakı yazılarla faktiki olaraq İslama zərbə endirirlər və azərbaycanlıları bir-birinə dözümsüz münasibətə çağırırlar. Dolayısı ilə türk birliyinə zərər vermək niyyəti hiss olunur. Özü də bu, Bakıda türk dövlətləri başçılarının növbəti sammiti ərəfəsi edilir. Bu da həmin işlərin kənardan məqsədli həyata keçirildiyi haqqında şübhələr oyadır. Hər bir halda Azərbaycanla söz azadlığının olmasından dövlətçiliyə qarşı istifadə hallarına yol verilməməlidir. Bunların fonunda xristian təriqətçilərinin gördükləri işlər heç də az zərərli görünmür. Bu təriqətlərin nümayəndələri daha dərində ayrı-seçkilik yaratmağa çalışırlar. Onların da zərərsizləşdirilməsi çox vacib işlərdən biri olmalıdır. Nəhayət ki, bu hallara qarşı daha sərt mövqe nümayiş etdirmək zamanı çatmışdır. Azərbaycan cəmiyyətində demokratik qaydaların daha çox özünə yer etməsindən süni istifadə edənlər təbii ki, həmişə olacaqdır. Cəmiyyətin təməl mövcudluq prinsiplərini pozanlara heç zaman güzəşt olmamalıdır. Belə olmasa, demokratiya cəmiyyətdə mənfi rol oynayar, onu bəhanə edib, bölücülüklə məşğul olanların əl-qolu açılar. Təbii ki, burada xarici xidmət orqanlarının ideoloji fəaliyyətini də nəzərə almaq gərəkdir. Bu fəaliyyət cəmiyyətdə qarşıdurmalar yaratmağa da hesablana bilər. O baxımdan ideoloji bölünmə də son dərəcə təhlükəlidir. Azərbaycan cəmiyyəti daha çox demokratikləşdikcə bu kimi problemlərin sayı da arta bilər. Bunlara qarşı mübarizənin daim getdiyinə də şübhə yoxdur. Bununla yanaşı, vətəndaşların özlərinin bu kimi hallara reaksiya verməsi əhəmiyyəti çox olan işdir. Cəmiyyətin təşəbbüskarlığı və tələbkarlığı düşmənlərin qarşısını almağın ən səmərəli üsuludur. Azərbaycan vətəndaşları da cəmiyyətin ümumi maraqlarını üstün tutaraq təşəbbüsdə bulunmalı və ideoloji mənfiliklərə qarşı aktiv dirəniş göstərməlidirlər. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar