SON XƏBƏRLƏR

Tövhid İbrahimbəyli Zəncanda Nardaran hadisələri ilə bağlı keçirilən mərasimdə dünyəvi hakimiyyətlərə qarşı sərt danışdı

2021.10.20, 07:36
Tövhid İbrahimbəyli Zəncanda Nardaran hadisələri ilə bağlı keçirilən mərasimdə dünyəvi hakimiyyətlərə qarşı sərt danışdı

Gunaz.tv

GünAz TV : Öncədən elan olunduğu kimi, İran rejimi noyabrın 30-u axşam saatlarında Zəncanın Şöhəda Hüseyniyyəsində iki il öncə Azərbaycanın Nardaran qəsəbəsində polis əməliyyatı zamanı öldürülən islamçı ekstremistlərlə bağlı anım mərasimi keçirib.

 

Mərasimin əsas çıxışçısı Azərbaycan Respublikasından dəvət olunmuş “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri Tövhid İbrahimbəyli olub. Geniş məruzə ilə çıxış edən T.İbrahimbəyli İsrail, Amerika Birləşmiş Ştatları (ABŞ) , həmçinin Azərbaycan Respublikasının dünyəvi sisteminə qarşı sərt fikirlər söyləyib.

 

“Din müsəlmanlar üçün bəşəriyyətin konstitusiyası hesab olunur, ona görə də müsəlmanlar onu gələcək nəsilə ötürülməyə çalışır. Təbii ki, bu istiqamətdə mübarizə aparanlar düşmənlərin qəzəbinə tuş gəlir. Düşmənin müqavimətsiz dindən heç bir qorxusu yoxdur. Lakin bizim ayıq-sayıq, canlı, fədakar, bəsirətli və aşura məktəbində olmağımız düşməni vahiməyə Salır”- deyə o çıxışının bir hissəsində bildirib.

 

 

Nardaran qəsəbəsini dünyəviliyə qarşı mübarizədə müqavimət simvolu kimi təqdim etməyə çalışan  “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri vurğulayıb ki, Nardaran bütün Orta Asiya və Qafqazda ABŞ və İsrailə qarşı düşmənlikdə müqavimət simvoludur.

 

Sözlərində İran rejiminin siyasi ədəbiyyatından istifadə edən T.İbrahimbəyli İsrail və Birləşmiş Ştatlara qarşı tez-tez düşmən ifadəsindən istifadə edib.

 

O bildirib ki, Azərbaycan Respublikası İranla qonşu olduğuna və zəngin neft və qaz yataqlarına malik olduğuna görə sionist rejimin diqqət mərkəzindədir. Onlar bu ölkənin təbii qaynaqlarına əl qoymaqla yanaşı, ölkədə şiə-sünni qarşıdurması yaratmaq üçün vahabiliyi təbliğ edirlər.

 

 

Dini ekstremistlərin mərasimində çıxış edən “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbəri öz ölkəsinə qarşı da sərt danışıb. “Naradaran kiçik olsa da, sionist rejimi üçün böyük problem idi. Onlar çalışdılar ki, Azərbaycanda islam əlamətlərini yox etsinlər və onu münhərif bir turist ölkəsi halına gətirsinlər. Hətta azan səsinin eşidilməməsinə çalışdılar. Növbəti mərhələdə isə məscidlərin dağıdılması və hicabın qadağan olunmasını planlaşdırdılar. Onların planları möminlərin müqaviməti nəticəsində baş tutmasa da, bu hadisələrdə bir çox mübariz mömin həbs olundu. Azərbaycanda bu gün də hicab var, bütün bunlar müqavimətin məhsuludur”- deyə o əlavə edib.

 

Mərasimdə “Mübariz Ruhanilər Cəmiyyəti”nin rəhbərinin İran rejiminə hesabat verən bir şəxs kimi çıxış etməsi, məruzəsi zamanı İrandakı siyasi ədəbiyyatdan istifadə etməsi xüsusi diqqət çəkib.

 

Noyabrın 26-da “Təşəyyünün (şiəlik) Beşiyi Müəssisəsi” Nardaran hadisələri ilə bağlı Təbriz, Ərdəbil və Qum şəhərlərində oxşar mərasimlər keçirib. Əli Xameneinin əyalət nümayəndələri kimi rəsmi şəxslərin qatıldığı mərasimlərin sonunda Azərbaycan əleyhinə bəyanatlar yayılıb.

 

2015-ci il noyabrın 26-da Azərbaycanın hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirərkən, polis qüvvələri İran rejiminin təsiri altında olduqları deyilən islamçı ekstremistlərin atəşinə məruz qalmışdır. Bundan sonra polisə müqavimət göstərən dəstənin üzvlərindən 4-ü zərərsizləşdirilib, hökumət qüvvələrindən isə 2 polis, ekstremistlərin açdığı atəş nəticəsində şəhid olub. Hadisə ilə bağlı bir neçə nəfər həbs edilib.

 

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra hər zaman dostluq və qonşuluq prinsiplərinə sadiq qalaraq İranla normal münasibətlərə üstünlük verib, lakin İran rejimi Azərbaycana qarşı düşmən mövqe sərgiləyib.  İranın Azərbaycanda dini ekstremist qruplar yetişdirmək, ölkəyə casuslar göndərmək, işğalçı Ermənistana yardım etmək, və s. kimi təxribatları Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə qarşı yönəldiyi kimsəyə gizli deyil.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar