SON XƏBƏRLƏR

Tramp İranı təhdid etdi: “İran yenidən uranı zənginləşdirməyə başlasa, bunun nəticəsi çox ağır olacaq”

2021.10.20, 07:36
Tramp İranı təhdid etdi: “İran yenidən uranı zənginləşdirməyə başlasa, bunun nəticəsi çox ağır olacaq”

Gunaz.tv

 GünAzTV: ABŞ prezidenti Donald Tramp mayın 9-da hökumət toplantısında jurnalistlərə açıqlamasında nüvə sazişindən və İranın nüvə proqramına yenidən başlayacağından danışıb. Trampın açıqlaması, onun İranla imzalanmış nüvə sazişini ləğv etməsindən bir gün sonraya təsadüf edib.

 

Tramp İran rejimini təhdid edərək bildirib ki, əgər İran əvvəlki səviyyədə nüvə proqramını davam etdirməyə başlasa, o, bu addımına görə çox ağır nəticələrlə üz-üzə qalmalı olacaq: “Güman etmirəm ki, İran nüvə proqramına yenidən başlasın. Mən, İran rəsmilərinə tövsiyə edirəm ki, bunu etməsinlər. Lakin əgər onlar, yenidən nüvə fəaliyyətlərinə start versələr və uranı zənginləşdirməyə başlasalar, bu onlar üçün çox ağır nəticələr verəcək. Hesab edirəm ki, İran nüvə danışıqlarına başlamalıdır. Əks təqdirdə, başqa xoşagəlməz bir olay baş verəcək”.

 

Amerika prezidenti həmçinin, İranın region ölkələrinin, o cümlədən də Suriya və Yəmənin daxili işlərinə qarışmasına toxunaraq, rəsmi Tehranın terrorçu qruplaşmalara dəstəyini pisləyib: “Onlar hara ayaq basırlarsa, orada hərc-mərclik, qarşıdurma və ölümlə rastlaşırsan. Biz, bunun baş verməsinə imkan verə bilmərik. Onlar həyatın məna və anlamını dərk etməlidirlər. Lakin çətin ki, onlar bunu dərk edə bilsinlər”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. İranı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə, terrorizmə dəstəkdə, bölgənin sabitliyinə qarşı çıxmaqda və özünün ballistik raketlərini inkişaf etdirməkdə günahlandıran Tramp, Vaşinqtonun İrana qarşı əvvəlki sanksiyaları bərpa edəcəyini bəyan edib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar