ABŞ prezidenti Donald Tramp sentyabrın 14-də “Twitter” hesabında yaydığı bir statusunda İranın bu ölkənin Cənubi Afrikadakı səfirinə qarşı sui-qəsd planı hazırlaması ilə bağlı mediada yayımlanan məlumatlara kəskin reaksiya verib.
Gunaz.tv
Tramp bildirib ki, onun hökuməti İranın Amerikaya qarşı istənilən hücumuna ildırımsayağı kəskin cavab verəcək: “Mətbuatda yayılan məlumatlara görə, İran çox ehtimal ki, terrorçuların lideri Qasım Sülüymaninin öldürülməsinin əvəzini çıxmaq və onun intiqamını almaq üçün Amerika Birləşmiş Ştatlarına qarşı hücum və ya bir terror planı hazırlamaqdadır.
Bildirirəm ki, İranın Amerikaya qarşı istənilən formada həyata keçirmək istədiyi hər bir hücumu 1000 qat daha kəskin və böyük hücumla qarşılanacaq.
Qasım Süleymaninin öldürülməsi isə, onun gələcəkdə Amerikaya qarşı hücum planı hazırlamasına, amerikalı əsgərləri qətlə yetirməsinə və uzun illər yaratdığı əzab-əziyyətə görə gerçəkləşdirildi” –deyə, ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yaydığı statusunda bildirib.
Xatırladaq ki, dünən "Politico" nəşri adlarını açıqlamadığı amerikalı rəsmilərə istinadən İranın Amerika Birləşmiş Ştatlarının Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa qarşı sui-qəsd planı hazırlaması barədə məlumat yayıb.
Bildirilir ki, əldə edilən kəşfiyyat məlumatları İranın Qasım Süleymaninin intiqamını almaq üçün belə bir plan hazırladığını göstərir. Yayılan məlumata əsasən, İranın Pretoriyada akkreditə edilmiş səfiri də sui-qəsd planına cəlb olunub.
"Politico"nun yazdığına görə, İran səfirə qarşı terror hücumu həyata keçirərək onu qətlə yetirsə, bu, hazırda prezident seçkiləri ərəfəsində Donald Trampın seçki kampaniyasına ciddi zərbə vura, onu cavab tədbiri görməyə məcbur edə bilər.
“Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymani yanvarın 3-də Bağdad hava limanı yaxınlığında Amerika hərbi qüvvələrinin hava hücumunda məhv edilib.
A.M