SON XƏBƏRLƏR

“Traxtur” klubu Futbol Federasiyasının “Perspolis”lə görüşü haqda çıxardığı qərəzli qərara etiraz edib

2021.10.20, 07:36
“Traxtur” klubu Futbol Federasiyasının “Perspolis”lə görüşü haqda çıxardığı qərəzli qərara etiraz edib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, 2017-cı il dekabrın 29-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib.

 

Super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüşdə “Perspolis”in 60 min fars tərəfdarı öncədən planlaşdırılmış bir şəkildə 90 dəqiqə Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndiriblər.

 

Məsələ ilə bağlı Azərbaycan klubu İran Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət edib. Budan sonra İnzibati Komitə baş verən hadisələrlə bağlı şok qərar çıxarıb.

 

Tehran komandasının tərəfdarları öncədən planlaşdırılmış bir şəkildə Azərbaycan türk millətinin ünvanına ağır söyüşlər səsləndirdiyi halda, “Perspolis” yalnız bir oyun tamaşaçısız oynamağa və 150 milyon rial cərimə ödəməyə məhkum edilib. Qərara əsasən, açıq-aşkar təhqirə məruz qalan “Traxtur” klubu da 150 milyon rial cərimə ödəməyə məhkum edilib.

 

"Traxtur"-"Perspolis" görüşü

 

İnzibati Komitənin qərarı açıqlandıqdan sonra “Traxtur” klubu dərhal qərara etiraz edib. Klubun etirazına bu günə qədər məhəl qoyulmadığından klub məsulları yenidən inzibati komitəyə etiraz edib.

 

Etirazda, çıxarılan qərarın FİFA qanununlarına uyğun gəlmədiyi vurğulanıb, məsələyə yenidən baxılması və ədalətli qərarın çıxarılması tələb olunub.

“1- Çıxarılan qərarda təyin olunmuş cəza qövm və irqi ayrı-seçkiliyin şiddəti ilə mütənasib deyil. Türkcə səsləndirilən ağır söyüş və şüarların öncədən planlaşdırıldığı hər kəs üçün aydındır. Baş verən xətanın şiddəti və işin arxasında pis niyyətin olmasını nəzərə alaraq FİFA-nın Nizam-İntizam Məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndi rəhbər tutulmalı idi. Halbuki, verilən cəza çox yüngüldür. Həmçinin hökm elə verilib ki, sankı “Perspolis” tərəfdarları ilk dəfə, o da oyun zamanı baş verən hadisələrin təsiri altında belə bir xətaya yol veriblər. Halbuki, bu belə deyil.

 

2- Nizam-İntizam Məcəlləsinin 145-ci maddəsinin 2-ci bəndində bildirilir ki, federasiyalar nəzərdə tutulan qanunları istisnasız icra və riayət etməlidilər. Lakin çıxarılan qərarda 73-cü maddənin 2 və 3-cü bəndlərində  təyin olunmuş cəzalara yer verilməyib. 58-ci maddədə nəzərdə tutulan cəzaların biri isə konkret olaraq qövm və irqi ayrı-seçkiliklə bağlıdır. Bu maddəyə əsasən federasiyalar yalnız təyin etdikləri cərimənin məbləğində sərbəstdilər, digər cəza növləri Nizam-İntizam Məcəlləsində nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır.

 

3- Nizam-İntizam Məcəlləsinin 58-ci maddəsinin 3-cü bəndində bildirilir ki, bu maddənin 1-ci bəndində şəxs vəya şəxslərin təhqir edilməsi, ayrı-seçkiliyə dair hərəkətlər, dil, irq və dəri rəngi ilə əlaqədar nifrət yaradan əməllər kimi xətalara işarə olunub. Belə xətalara yol verənlər 2 il müddətinə stadiona daxil olmaqdan məhrum edilməlidir.

 

Yuxarıda qeyd olunan məsələləri nəzərə alaraq sizdən FİFA qanunlarına uyğun olaraq düzgün qərar gözəyirik. Şübhəsiz ki, təyin olunan cərimənin məbləği istisna olmaqla (bu barədə federasiyalar müstəqil şəkildə qərar verir), 58-ci maddədə qeyd olunan bütün cəzalar tətbiq olunmalıdır.”- deyə klub etiraz məktubunun bir hissəsində qeyd edib.

 

“Traxtur” klubunun birinci etirazından 2 həftədən çox keçdiyi halda, hələ şikayətə baxılmayıb. Klub rəsmiləri isə düzgün hökm çıxarılana qədər etiraz və mübarizələrini davam etdirəcəklərini bildiriblər.

 

2017-ci il dekabrın 29-da Tehranın Azadi stadionunda “Traxtur”la “Perspolis” arasında keçirilən görüş zamanı baş verən hadisələrlə bağlı aşağıdakı xəbəri oxuya bilərsiniz:

“Perspolis”in irqçi tərəfdarları “Traxtur”la görüşdə təhqiramiz şüarlar səsləndirib / “Traxtur” klubu: Bütün bunlar əvvəldən planlaşdırılıb - VİDEO

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar