SON XƏBƏRLƏR

“Traxtur”un icraçı direktoru: “Komandanın ən güclü oyunçuları onun tərəfdarlarıdır”

2021.10.20, 07:36
“Traxtur”un icraçı direktoru: “Komandanın ən güclü oyunçuları onun tərəfdarlarıdır”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubunun icraçı direktoru Qulamrza Sadiqiyan ötən həftə “Perspolis”lə qarşılaşmada əldə olunan qələbədən danışarkən komanda tərədarları, oyunçular və baş məşqçi Mustafa Dənizliyə öz təşəkkürünü bildirib. 

 

Tehran komandası ilə görüşdə əldə olunan qələbəni yüksək qiymətləndirən icraçı direktor tərəfdarları “Traxtur”a dəstəklərini davam etdirməyə çağırıb.

 

“Komandanın bütün üzvləri və tərəfdarlar əldə etdiyimiz qələbə üçün çox çalışdılar. Lakin inanıram ki, bizim ən güclü oyunçumuz elə tərəfdarlardır. Biz hamımız birləşərək bu uğura imza atdıq. Mustafa Dənizlinin baş məşqçiliyi altında yaxşı günlər bizi gözləyir. Lakin hesab eliyirəm ki, qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün oyunçular və məşqçilərin səy göstərməsi yetməz, bunun üçün komanda tərəfdarları xüsusi aktivlik göstərməlidir.”- deyə o bildirib.

 

Qulamrza Sadiqiyan ““Polispolis”lə görüşdə qalib gəldiklərinə görə oyunçulara xüsusi mükafat veriləcəkmi?” sualının cavabında bildirib ki, biz texniki heyətlə birlikdə qələbə ilə nəticələnən görüşlərə görə oyunçulara müəyyən mükafat nəzərdə tutmuşuq. Lakin bu xüsusi olaraq “Perspolis”lə qarşılaşmaya aid deyil. Əslində isə bizim hədəfimiz istənilən mükafatdan böyükdür. Ümid edirəm ki, komandanın mədəni tərəfdarları mövsümün sonunadək “Traxtur”a dəstək vercək. Belə olan halda yəqin ki, biz qarşımıza qoyduğumuz hədəfə nail olacayıq.

 

Klubun icraçı direktoru sözlərinin sonunda vurğulayıb ki, oyunçular, məşqçilər və komanda tərəfdarları “Traxtur”un qələbəsi üçün cəhd göstərdiyi kimi, klubun idarəçiliyi sahəsində də eyni şəkildə fəaliyyət gedir. Komanda tərəfdarları bu cəhətdən tam olaraq rahat ola bilərlər.

 

Qeyd edək ki, İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının ikinci həftəsində (avqustun 30-da) “Traxtur” Tehranın “Perspolis” komandasını Təbrizin səhənd stadionunda qəbul etdi. Azərbaycan komandası rəqibinə 1:0 hesabı ilə qalib gəldi.

Tehranın “Perspolis” və “İstiqlal” komandaları ilə qarşılaşma “Traxtur” və onun tərəfdarları üçün xüsusi əhəmiyyət kəsb edir. Bu təkcə rəqib komanda olduqları üçün deyil, həmin komandaların meydanında “Traxtur”la keçirilən görüşlərdə hər zaman “Traxtur” və Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirilir. Soydaşlarımızı qəzəbləndirən hadisə uzun illərdir bir ənənəyə çevrilərək sistemli şəkildə həyata keçirilir. Milli təhqirə yol verən irqçilərin rejim tərəfindən cəzalandırılmaması hər zaman azərbaycanlıların kəskin etirazına səbəb olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar