SON XƏBƏRLƏR

Turan xanım Cavid.Güntay Gəncalp

2021.10.20, 07:36
Turan xanım Cavid.Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp [email protected]/* */ yazar_1200210612.gif Turan xanım Cavid Hansısa bir səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa çağırmışdı sanki. Orta məktəbdə oxuduğum zaman Hüseyn Cavidin bir neçə lirik şeirini və özəlliklə “İblis” dram əsərindən İblisin monoloqlarını əzbərləmişdim. Bir neçə dəfə də Savalanın zirvəsində yüksək səslə, bağıraraq söyləmişdim bu monoloqları. Yayda məktəblər bitirdi və biz kəndə geri dönməli olurduq. Kənddə 3 ay qoyun otarırdım örüşlərdə. Bəzən qara-buludlar göyləri sarıb, küləkli, boranlı yağış yağdığında qoyunlar başlarını bir-birlərinin qarnının altına soxub duruşurdular. Göy gurultuları bəzən də qoyunları hürküdüb daha da bir-birinin içinə soxurdu. Qorxunc ildırımlar çaxırdı. Bu zaman mən böyük bir qayanın üstünə çıxıb “İblis”dən monoloqlar söyləyirdim. Təbiətin bu durumunu Hüseyn Cavidin “İblis” əsərində səhnələşdirdiyi ortama bənzədirdim. Üzümü qoyunlara tutub “İblis”in monoloqlarını yüksək səslə, bağıraraq söyləyirdim. Ancaq səsimi özüm belə, çətin eşidirdim. Küləyin, yağmurun, göy gurultusunun səsi mənim səsimi boğurdu. Ancaq zövq alırdım belə təbii ortamlarda Cavidin monoloqlarını söyləməkdən. Sinifdə tənəffüs saatlarında İblisin monoloqlarını yüksək səslə oxuduğum zaman sinif yoldaşlarım heyrətlə dinləyib əl çalardılar. O zaman Hüseyn Cavidin əzbər bildiyim şeirləri çevrəmi etkiləmək üçün bir vasitə olmuşdu mənim üçün. Bəzən təkbaşıma evdə kimsə olmadığında bu monoloqları söylərdim. Belə işlərdən anlamayan qonşularımız səsimi eşitdiklərində dəli olduğumu sanırmışlar. Bir neçə dəfə qonşularımız gəlinimizə “O niyə öz-özünə danışıb bağırır?”- deyə sormuşdular. Hüseyn Cavidin şeirləri ilə içimdəki fırtınaları dışarıya boşaldırdım. Bir çox hallarda da hönkürtü ilə ağlayırdım monoloqların sonunda. Artıq Hüseyn Cavid mənim qəlbimdə ən yaxın sirdaşım olmuşdu. Elə bilirdim ki, Cavid bu əsərləri mənim üçün, yalnız mənim üçün yazmışdır. Bir çox əsərlərini əzbərləmişdim qəlbimdə sirdaşım olan Hüseyn Cavidin. Təbrizdə tələbə olduğum illərdə, Tehrandakı münasibətlərimdə, hər hansı mədəni toplantılarda Hüseyn Caviddən monoloqlar söyləyirdim. Ləzzət alırdım bu monoloqları söylərkən. Hüseyn Cavidin başına gələn fəlakətləri öyrəndiyim zaman çox ağır psixoloji sıxıntılar keçirmişdim. Xəstəhal olmuşdum. Bu bilgiləri əldə etdikdən sonra Cavidin monoloqlarını daha da enerjili olaraq oxuyurdum. Hər oxuduğumda sanki intiqam alırdım kimlərdənsə. Sanki öz ruhumu da Cavidin şeirlərinə qatıb dinləyicilərin diqqətinə sunurdum. Heç vaxt yadımdan çıxmaz ki, bir neçə dəfə Təbrizdəki məclislərdə Cavidin monoloqlarını bütün enerjimlə oxuduğum zaman, məclis sanki şoka uğrarcasına dərin bir sükuta dalırdı. Hər şeir oxuyuşumdan sonra məclisdəkilərin mənə olan sayqınlığı, ehtiramları göstərirdi ki, mən böyük bir iş görmüşəm. Böyük işləri böyük insanlarla görmək olur. Cavid mənim qəlbimdə və ağlımda yol göstəricim olmuşdu. Hətta məndən sonra muğam oxuyacaq insanlar da çətin özlərini toparlayıb konsertə başlayırdılar. Milli şüurum gəlişdikcə, dərinləşdikcə Cavidin ruhu və yaradıcılığı ilə təmas şəklim də dərinləşirdi. Cavidin yaradıcılığındakı dərinlik, üslubundakı epik tutum, dil zənginliyi məni tərbiyə edirdi. Ən çox əzbər bildiyim Hüseyn Cavid və Səhənd idi. Bu iki uluruh mənə enerji verirdi. Artıq mən yalnız deyildim o fars vurmuş, kimliyi itmiş, itirilmiş mühitdə. İçimdə Cavidin ruhunu daşıyırdım. Yüksəlirdim. Güclənirdim. Bir missionun adamı olduğumu sanırdım. Milli missionun ən dərin, əbədi, fəlsəfi şəkli Cavidin əsərlərindədir. * * * Bu şəkildə gəncliyimin ən enerjili çağında Hüseyn Cavid ruhuma girmiş və məni yönləndirməyə başlamışdı. Taleyim məni Bakıya sürüklədiyində içimdə Hüseyn Cavidin yaratdığı dünya ilə gedirdim. Heç bir zaman Hüseyn Cavidsiz olmadım. Tam əzbər bildiklərim əsərlərini bəzən təkrar kitabın üzündən oxuma ehtiyacı duyurdum. Bu gün də elədir. Yeni dünyaya gəlmiş oğlum Alpərə Hüseyn Cavidin monoloqlarını yüksək səslə oxuyuram. Bakıda Hüseyn Cavidin nəslinin qalıb-qalmaması ilə maraqlandım. Bir qızı həyatdadır, dedilər. Turan xanım adında. Turan xanım kimsə ilə evlənməmiş. Kimsə cürət edib onunla evlənmək istəməmiş. Çünki atası Hüseyn Cavid kommunistlər tərəfindən xalq düşməni elan edilmişdi. Hüseyn Cavid öz millət sevgisinin cəzasını sadəcə özü çəkməmişdir, qızı Turan xanım da çətin bir həyat yaşamaq zorunda buraxılmışdı. 2002-ci ildə Nasir Purpirarın “On iki əsr sükut” kitabını tərcümə edib Bakıda yayınladım. Kitabdan bəzi tanıdığım insanlara hədiyyə verirdim. İki cild də Turan xanıma vermək istədim. Düşündüm ki, Hüseyn Cavidin soyunu yaxından görmək üçün də yaxşı fürsət olar. Elmlər Akademiyasında Turan xanımın hüzuruna getdim. İllər boyu qəlbimdə daşıdığım Cavidimin soyundan birisini görə bilmək həyəcanlandırırdı məni. İş otağında yalnız idi. Görüşdükdən sonra tərcümə etdiyim kitabın ilk səhifəsini yazaraq hədiyyə etdim. Sonra da söhbət etdik. Hardan olduğumu soruşdu. Ərdəbildənəm dediyimdə gülümsəyərək “O tərəflərdən gələnlərə bənzəmirsən,”- dedi. “Çünki ana dilim üzərində çox zəhmət çəkmişəm, bu yolda Hüseyn Cavid də mənə yardımçı olmuş,”- dedim. “Necə yardımçı olmuş?” “Əsərləri ilə, bütün əsərlərini oxudum və əzbərlədim,”- dedim və sonra da Cavidin 2 kiçik şeirini oxudum Turan xanıma. Dalğın-dalğın dinləyirdi məni. Gözlərimi Turan xanıma zilləyib şeirləri oxuyarkən Hüseyn Cavidin bu xanımda ölməz ruhunun cizgilərini axtarırdım. Sibirlərdə sürgündə və işgəncə altında öldürülən Hüseyn Cavid, qızının gözləri ilə məni görməsini istəyirdim. İstəyirdim görsün ki, uzun illərdən sonra Ərdəbilin kəndindən çıxmış bir gənc adam onun ideallarının arxasındadır. Şeirləri oxuyarkən gözlərimin yaşını tuta bilmirdim. Öz-özünə axıb gedirdi. Turan xanım da səssizcə mənim göz yaşlarıma baxaraq dinləyirdi şeir oxumağımı. Şeir bitmişdi. Turan xanımın da gözləri dolmuşdu. Sanki göz yaşlarının yanaqlarından süzülməsini əngəlləmək istəyirdi, ancaq bacarmadı. Çantasından bir dəsmal çıxarıb göz yaşlarını sildi. Boğazım tutulmuşdu. Bir sözlər demək istəyirdim, ancaq boğazımı sıxan qəhər imkan vermirdi. Özümü toparlayıb “Mən zəif adam deyiləm. Hüseyn Cavidin ruhu və əsərləri ilə böyüyən insanlar güclü olurlar,”- dedim. Turan xanım oturduğu yerdən qalxıb mənə yaxınlaşdığında mən də yerimdən qalxdım. Yaxınlaşıb alnımdan öpdü. Mən də Hüseyn Cavidin qızının önündə baş əyib əlindən öpdüm. Turan xanım vəfat etmiş. Onu atasının məzarının yanında dəfn etmişlər. Ancaq Cavidin əsərləri yaşayır. Yenə də Finlandiyanın ormanlıqlarının dərinliyində Cavidin monoloqlarını söyləyirəm. Qonşulara mane olmayım deyə, velosipedlə çox uzaqlara gedirəm, kimsənin olmadığı yerlərə. Yalnız mən oluram və bir də Hüseyn Cavid. Bəzən də Finlandiyanın qorxunc buz bağlamış ormanlarında monoloq hayqırışlarım bəyaz səssizliyi qırır: …Şərqin əsəbi yavrusu bilməz ki, nə yapsın, Bilməz ki, sağır göylərə, yaxud mənə tapsın…

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar