SON XƏBƏRLƏR

TÜRBAN, YOXSA "TORBA"?!... . Vəsilə USUBOVA

2021.10.20, 07:36
TÜRBAN, YOXSA "TORBA"?!... . Vəsilə USUBOVA

Gunaz.tv
TÜRBAN, YOXSA "TORBA"?!... vesile_yusubova_yazar.jpg Görəsən, daha bəs deyilmi?! Bezmək, usanmaq yoxmu? Gülüş hədəfi olmaqdan, geri zəkalı görünməkdən ar eləməyin vaxtı çatmamışdırmı? Bunlar bəs deyilsə, şəhid tabutları, əlil arabaları, qoltuq ağacları hələ çoxmu gözümüzü, ürəyimizi deşməlidir?! Elə bu yazını başdan-ayağa bu türlü suallarla qurmaq olardı. Ancaq mən cavab istəyirəm. Ən nəhayət qadınlarımız özləri hədəf, bəlgə olmaqdan, kullanılmaqdan, hərtərəfli istismardan bezmədilərmi?! Deyəsən, bezmədilər. Östəlik... özləri də yardımçı oldular onları əzənlərə, alətə, öz ehtiraslarının bədəlinə çevirənlərə... Nə qədər ki, biz oxumamışdıq, dörd divar arasında yaşayıb "səyyar məhbəs"də gəzirdik, kişilərimiz başqa millətlərin xanımlarıynan könül əyləndirirdilər.Şahlarımız, xanlarımız bir öpüşə torpaq bağışlayır, bu gün "millət atası" adlandırıb uğruna qan-yaş tökdüyümüz milyonçularımız məşuqəsinə qəhvə bişirməkçin əskinasları yandırıb ocaq çatır, təhsil haqqını ödəyə bilməyən Şövkət Məmmədova italyan müəllimi ilə baş-başa verib göz yaşı tökəndə Bakıda əcnəbi aktrisanın şərəfinə opera teatrı tikdirirdilər. Ağzı dualı maşaduşkalarımız belə sonyaların, nataşaların, haykanuşların qabağında çırtma çalıb diringi oynayırdılar... Hər kəsə bəlli həqiqətləri sadalamaqda məqsədim ürəyimi boşaltmaq, əlinə qəzet götürüb oxuyacaq beş-üç adamla dərd bölüşməkdi. Başqa millətlər, xalqlar zaman-zaman yaşamağın, ayaqda durmağın, irəli getməyin daha sivil yollarını axtarıb tapdıqca, biz torpaq, millət satmağın, dəyərləri tapdalamağın, aşağılanmağın daha yeni variantlarını mənimsəyirik. Kənardan uzanan yad əlləri itələmək, yüz illər, min illər boyu yaratdıqlarımızı mənimsəmək, özününküləşdirmək istəyənlərə yox demək əvəzinə, düşmən dəyirmanına su tökür, hiyləgər, fürsətkeş qənimlərə yardımçı olur, yağıları sevindirib, dostları ( bilə- bilə ki, bu ikincilər çox azdır, lap elə yox dərəcəsindədir) məyus edirik. *** Kiminlə desəniz mübahisə etməyə hazıram ki, geyim-kecim heç bir zaman abır-həya rəmzi olmayıb, sadəcə insanı istidən-soyuqdan qorumaq, bədən qüsurlarını örtmək üçündü. Geyimin yaraşıq, cazibə məqsədilə düşünülən, artırılan hissələri də var. Kim düşünürsə ki, qadını geyimlə gizlətmək, qorumaq, açığı, onun xəyanətkarlığının qarşısını almaq mümkündü, qoy gedib " Min bir gecə" nağıllarını oxusun. Onda görər ki, bu məxluqu pambığa büküb sandığa qoysan, ağzını qıfıllasan da, xeyri yoxdu, əgər istəsə, bildiyini edəcək. Əslində, bu düşüncə tərzi özü insanı əzən, aşağılayan, sarsıdan bir münasibətdir və günümüzdəki utancverici hay-küyün də səbəbi, əslində azdırıcı, sapdırıcı səbəbi də elə odur.Dünyanın ən gözəl yarısı, həyatın, ülviliyin, saf duyğuların daşıyıcısı bu zərif, incə məxluq nədən inamsızlığa tuş olmalı, qorunması, bürünməsi gərək olan varlıq kimi qəbul olunmalıdır?! "Ayağının altında cənnət" olan, müqəddəs sayılan qadının başına niyə torba keçirilməlidir?! Bəyəm, onun ağlı, mühakiməsi, istəyi, arzuları, nəhayət, insan kimi yaşamaq haqqı yoxdurmu?!Bunu hamıdan və hər kəsdən əvvəl qadınlar özləri düşünməlidirlər. Kişilər öz papaqlarını nə qədər qorusalar da, qadın ləçəyinə həmişə rişxəndlə yanaşıb, ucuz tutublar. Þzlərini söyəndə də "bu işi belə qoysam, başımdakı papaq arvad ləçəyi olsun" deyiblər. Ancaq ayaq altına atılanda ondan keçməz olublar.Kişilər xəncərə, tüfəngə əl atanda qadınlar araya giriblər, yaylıqlarını açıb qan-qadanın qabağını almaq istəyiblər. Qarabağ hadisələri başlayanda ermənilər tərəfindən öldürülmüş iki cavanın qanını almağa qalxışanların da qarşısına adlı-sanlı pambıqçı qadın öz yaylığını atmışdı. Və o zaman rus şairi Yevgeni Yevtuşenko da bu hadisəylə bağlı şeirini belə bitirmişdi: "Kaş bu qadın öz örpəyini burdan Dəclə-Fərata qədər ataydı"... Ancaq bu olayda qürurverici heç nə görünmür. Kaş, o qadın heç əllərini başına aparmayaydı... *** Dişnən-dırnaqnan bir para azadlıqlar qazanılmışdı. Qadın oxuyurdu, işləyirdi, müəyyən qədər öz sözünü deyə bilirdi.Bütün bunlar insan azadlığının mində biri olmasa da, ümid vardı ki, bəlkə get-gedə daha işıqlı günlərə qovuşacağıq. Düşünürdük ki, səhərlər uşaq bağçasına, məktəbə qaçan, oradan da işə gələn, işdən sonra evə çatan kimi mətbəxə cuman qadının qramlarla ölçülən azadlığının çəkisini artıra biləcəyik. Amma müstəqillik qazanandan bəri irəliyə deyil, geriyə baxırıq. Məktəblərin yuxarı siniflərində qızlar az gözə dəyir, nikah yaşı azaldılaraq ərə verilirlər. Zalım qayınanalar təzədən baş qaljdırıblar. "Atamın ayağını yumadın, anamın aftafasını daşımadın" deyə arvadını qapazlayan kişilər yenidən peyda olublar.Amma bizə deyirdilər ki, Cəfər Cabbarlının "Sevil", "Almaz" dramlarının vaxtı keçib... Nə dostumuzu tanıyırıq, nə düşmənimizi. Yad təsirlərə tez qapılırıq. Doxsanıncı illərin əvvəllərində rayonumuzdakı qaçqın düşərgəsində humanitar yardım göstərən iranlılar mədrəsə də açmışdılar. Qəribə burasıdır ki, uzun illər dünyəvi elmlər öyrənən, texnikum və institut bitirən qız-qadınlarımız da həmin mədrəsələrə ayaq açdılar. Şəhərimizin küçələrində başı örtülü qız-qadınlar, hətta 10-12 yaşlı məktəblilər görünməyə başladı. Mənə görə çox kədərli, insanın əl-ayağını yerdən üzən, ümidləri heçliyə bağlayan bir mənzərəydi bu... O zaman həmin mədrəsədə oxuyan bir tanış qadına rişxənd də eləmiş, "sənin kimilərin üzünə çörək yeyirik" demişdim... *** Demokratiya adı altında əllaməçilik... Heç bir qadın öz xoşuna başını " məhbəs"ə salmaz. Burada mütləq kənar müdaxilə olmalı. Bu gün Türkiyədə baş verənlərin yüzdə-yüz bizə də dəxli var. Atatürkün dünyəvi dövlət qurmaq ideallarına bunca sayğısızlıq bizlərə heç bir fayda gətirməyəcək. Paşanın həyatından bəhs edən bir sənədli filmdə eşitmişəm ki, Böyük Türk küçədə çarşablı qadın görəndə əsəbiləşirmiş. Bildiyimə görə, Onun Mavzoleyinə-Anıtqəbirə girmək də başıörtülü qadınlara yasaqdı... Bəs, indi nələr olur?! Bir parça əski üstündə davadı. Bəşər tarixində ən böyük imperiyalardan birinin varisi, dünyaya ünlü sərkərdələr, müdriklər bəxş edən, qədim dövlətçilik tarixi,güclü ordusu olan bir məmləkətin mötəbər kürsülərdən dartışdığı mövzuya baxın... Quranı, islamı misal gətirirlər. Bəs, türkün minilliklərlə ölçülən tarixi, əxlaqı, mənəvi dəyərləri?! " Ana haqqı, Tanrı haqqı!" deyən millət bü gün nələrə imza atır?! Heç Quranın, islamın təşəkkül tapdığı ölkələrdə bu hay-küy yoxdu. Son günlər qəsdən ərəb ölkələrindən verilən süjetlərə daha diqqətlə baxıram. Camaat öz işində-gücündədi. Oralarda kişilər qadınlardan daha bürüncəkli gəzirlər... Bəs, sizlərə nə düşmüş, əfəndilər? Yoxsa, I Pyotrun vəsiyyəti yadınıza düşmüş? Nə demişdi? "Çalışın türk daha qatı dindar müsəlman olsun. Elə etmək lazımdı ki, sünni-şiə mollaları çoxalsın. Hər halda molla müsəlmandı, türk olsa da, türkçü deyil". Hə, o bilirdi ki, müsəlmanda birlik yoxdu... Qorxuram, sabah da molla rejimi qurmağa qalxasınız... P.S. Sizləri bilmirəm, mən lap boğuluram. Başına torba keçirilmiş adam kimi... Vəsilə USUBOVA vəsilə-usubova @ mail.ru www.adalet-az.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar