SON XƏBƏRLƏR

“Türk dili ilə tanışlıq” dərsliyi böyük rəğbətlə qarşılandı - Urmiyənin Texnologiya Universitetində

2021.10.20, 07:36
“Türk dili ilə tanışlıq” dərsliyi böyük rəğbətlə qarşılandı -  Urmiyənin Texnologiya Universitetində

Gunaz.tv

GünAz TV: Ötən günlərdə Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənninin tədrisi haqda verilən qərar öyrəncilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Məlumata görə, “Türk dili ilə tanışlıq” dərsliyi öyrəncilər üçün məcburi olmadığı halda, yarım saat ərzində 58 öyrənci bu fənni seçdiyini elan edib, 24 saat ərzində isə dərsə cəlb olunması planlaşdırılan 100 öyrənci qeydiyyatdan keçib.

 

Urmiyənin Texnologiya Universitetinin Öyrəncilər Şurasının elan etdiyi kimi, fevralın 1-də türk dili və ədəbiyyatı fənni üzrə məcburi olmayan iki “Türk dili ilə tanışlıq” dərsliyi (İranda “vahid” deyilir) öyrəncilərin dərsliyinə əlavə olunub.

 

Gözlənildiyi kimi Urmiyənin Texnologiya Universitetində türk dili sinifi üçün nəzərdə tutulan öyrəncilərin sayı çox qısa müddətdə təkmilləşib. Bu dərs Urmiyənin məşhur şairlərindən olan İsmayıl Mədədi Osalu (Ülkər) tərəfindən tədris olunacaq.

 

Ötən günlərdə Urmiyənin Texnologiya Universitetinin Öyrəncilər Şurası “Urmiyənin Texnologiya Universitetində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını istəyirsiniz?” sualı ilə keçirdiyi sorğuda 1338 öyrəncinin rəyini öyrənmişdir. Respondentlərin 80 faizi (1051 nəfər) universitetdə türk dilinin tədris olunmasını tələb etmişdir. Bundan sonra universitetin rektoru Abdullahi Şərifi öyrəncilərin tələbi ilə razılaraq sözügedən fənn üzrə fevralın 1-dən öyrəncilərin qeydiyyata alınmasına göstəriş vermişdir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Bu maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb.

 

Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar