SON XƏBƏRLƏR

Türk sevdasının zəfər fəlsəfəsi

2021.10.20, 07:36
Türk sevdasının zəfər fəlsəfəsi

Gunaz.tv
Türk sevdasının zəfər fəlsəfəsi Bir futbol çempionatının mənəvi izləri haqqında Futbol çoxdan idman çərçivəsindən çıxaraq millətlərin yarışı statusunu alıb. Qazanılan qələbəni bütövlükdə millətin iradəsi, gücü və mədəniyyətinin qələbəsi kimi təqdim edirlər. Təsəvvür edin ki, dövlət başçıları futbol matçına gedir və uşaq kimi sevinirlər. Onlar orada diplomatik ibarələrdən tamam uzaq olub, millətin adi üzvünə çevrilirlər. Son Almaniya-Türkiyə futbol matçında Almaniyanın kansleri A.Merkel qapılarına vurulan qoldan çox pərişan oldusa, almanların qol atmasından sonra sevincini coşqulu ifadə etdi. Türkiyə prezidenti Abdulla Gül bir şərqli temperamenti ilə oyunun gedişini izlədi. Bunlar təsadüflər deyil, müasir dünyada insan fəaliyyətinin bütün növlərinin cəmiyyətin həyatına, psixologiyaya ciddi təsir etməsinin təsdiqidir. Türkiyədə futbolçuları qəhrəman kimi qarşıladılar. Dünya KİV-i "Cəsur türklər" manşetləri ilə türk insanının inancını, sevgisini, çılğınlığını təhlil etməkdədir. Deməli, futbol həm də millətin mənəvi keyfiyyətlərinin üzə çıxdığı, daha qabarıq ifadə olunduğu bir işdir. O baxımdan bütün dünyanın müzakirə etdiyi türk sevdası üzərində dayanmağa ehtiyac görürük. Bəli, bu dəfəki Avropa futbol çempionatında qalib türk sevdası oldu. Türklərin qələbə fəlsəfəsi oldu. Onlar çempionatı yarımfinalda tərk etdilər, ancaq ən çox iz buraxan və müzakirə mövzusu olan komanda kimi yaddaşlarda qaldı. Çempionatı tərk edən heç bir komanda haqqında bu qədər danışılmır, fikir söylənmir. Heç bir komanda bu qədər suallar yaratmadı, təhlillər obyekti olmadı. Xorvatiya komandasının baş məşqçisi məğlubiyyətdən sonra demişdi ki, "türklərdə çılğınlıqdan başqa da nəsə var, ancaq onu dərk edə bilmirəm". Xorvatın dərk edə bilmədiyi məhz türkün Allaha, vətənə, millətə, tarixinə və futbola olan svedasının hər kəsdən fərqlənən məzmun kəsb etməsidir. Türk əldə etdiyi qalibiyyətləri sevdası ilə qazanır. O, döyüşə gedəndə "Allah" kəlməsi ağzından düşmür. Futbolçu meydana millətinin təmsilçisi kimi çıxır. O, həmişə böyük bir savaşda olduğunu yaddaşında saxlayır. Son oyunda da türk komandasının heyətinin yarısının zədəli olmasına, demək olar ki, ikinci kadrların meydanda olmasına baxmayaraq aslan kimi oynaması heç vaxt yaddan çıxmayacaq. Məhz o anda bütün dünya gördü ki, türk komandasında oyunçuların texniki səviyyəsi fərqlənə bilər, ancaq onlar xaraktercə və sevdada eynidirlər. Meydana çıxan hər oyunçu möcüzə yaratmağa hazırdır. Həmin oyunu izləyən 1 milyard insan indi türklərin qəhrəmanlığını düşünürlər. Uzaq ölkələrdə belə Türkiyəyə azarkeşlik edirlər. Şübhə yoxdur ki, bu çempionatdan sonra dünya Türkiyəni bir daha tanıdı, onun qüdrətinə əmin oldu. Türklərin qələbə fəlsəfəsi olduqca maraqlıdır. Onlar nikbin insanlardır. Məğlubiyyət türkləri sındırmır, əksinə daha hirsli savaşa yönəldir. Almanları məğlubiyyət yıxır, ingilisləri qızışdırır. Türkləri isə daha çox istəklə mübarizə aparmağa yönəldir. Yəni türkləri məğlub etmək də rəqibə sərf etmir, ona uduzmaq da yaxşı deyil. Budur, türk möcüzəsi. Türklər məğlubiyyətlərini də mənəvi qalibiyyətə və aktiv fəaliyyətə kökləyə bilirlər. Türkiyənin futbol oyunu barədə o qədər şirin, doğma və emosional fikir söyləmək olar ki! Ancaq dünya üçün maraqlı olanı türklərin hara getsələr, qələbəlik yarada bilməsidir. İsveçrə şəhərlərinin küçələri türklərdən sonra sakitliyə qərq olub. Orada sevinməyi və şənlənməyi də normaya salıblar. Ancaq isveçrəlilər də darıxırlar, türk sevdası üçün. Onlar həyatın qaynar olmasının ləzzətini 15 gün hiss etdilər. Almaniyanın ən böyük meydanlarından birində 500 min alman və türk birlikdə futbol oyununu izləyiblər. Onlar yan-yana sevinib və ya kədərləniblər. Ancaq dava düşməyib. Bu, türklər haqqında yanlış fikir yaradanlar üçün böyük bir dərsdir. Türk azarkeşlər məğlubiyyətdən çox kədərləniblər, ancaq heç kəsə qarşı aqressivlik göstərməyiblər. Türklər insanlara qarşı çox diqqətli olduqlarını və hər kəsin qiymətini doğru verməyi bacardıqlarını təsdiqlədilər. Dünya türk ədalətinin bir daha şahidi oldu! Nəhayət, bu futbol çempionatı bütün dünyaya bir daha mesaj verdi - 21-ci əsr türk əsridir. Türklər mədəniyyətdə, inkişafda dünyaya böyük töhfə verməkdədirlər. Onlar ayaqdadır, hər zaman da belə olacaqlar. Təşəkkürlər, Türkiyə! Bizlərə türk kimliyimizi daha dərindən anlamağa yardım etdiyin üçün, əbədi var ol! Füzuli Qurbanlı olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar