SON XƏBƏRLƏR

Türkiyə ilə ABŞ arasında növbəti skandal

2021.10.20, 07:36
Türkiyə ilə ABŞ arasında növbəti skandal

Gunaz.tv
Türkiyə ilə ABŞ arasında növbəti skandal abs-turk.jpg Diyarbəkir prokurorluğu MKİ agenti olduğu bildirilən Barbara Lakerberqin həbsinə qərar verdi Türkiyənin hüquq-mühafizə orqanları PKK ilə əlaqələri olan Amerika vətəndaşı, Dövlət Departamentinin maliyyələşdirdiyi proqramlara rəhbərlik edən Barbara Lakerberqin yaxalanması üçün qərar çıxarıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Yeni Müsavat” qəzetinin bugünkü sayında dərc olunan yazıda bildirilir. Qəzetin yazdığına görə, “Kanal D” televiziyasının yaydığı xəbərdə deyilir ki, Lakerberqin Türkiyənin cənub-şərqində fəaliyyət göstərən və kürdlərin Demokratik Toplum Partiyasının mitinqində əlində Quran tutaraq terrorçu Abdullah Öcalanın xeyrinə təbliğat aparmış PKK-çı imamla əlaqələri təsbit edilib. Bundan sonra Diyarbəkir Cümhuriyyət Prokurorluğu onun haqqında həbs qərarı çıxarıb və barəsində axtarış elan edib. Araşdırmalar nəticəsində Lakerberqin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) işlədiyini göstərən ehtimallar ortaya çıxıb. Həmçinin onun vaxtilə Bakıda işlədiyi məlum olub. Məlumata görə, Lakerberqin PKK ilə əlaqələrinin təsbit edilməsi ABŞ kəşfiyyatının bu terror təşkilatı ilə gizli təmasları, hörgütü dəstəkləməsi haqda söz-söhbətləri yenidən gündəmə gətirib. Qeyd edək ki, Barbara Ann Lakerberq 1952-ci ildə Nyu-Yorkda anadan olub. Əri milliyyətcə kürddür, son vaxtlar soyadına “Dridi” sözü də əlavə edib. O, Concordia Universiteti nəzdində “Concordia İnternational Research” adlı qurum adına uzun müddət bölgədə çalışıb. Bu qurumun Xristian Metodist Kilsəsinin bir qolu olduğu bildirilir. B.Lakerberq İsrail və sionizm əleyhdarı kimi tanınır. İraq, İsrail, Fələstin və Liberiyada çalışıb. Bir müddət Dünya Bankı adından Azərbaycanda kənd təsərrüfatı proqramlarında işləyib. “Amerikan Kürd Mərkəzi” adlı qurumda da təmsil olunduğu söylənilən Lakeberqin son dövrlərdə çox sayda amerikalı kimi Şimali İraqdakı kürd administrasiyası üçün çalışa biləcəyi də ehtimallar arasındadır. Adının açıqlanmasını istəməyən amerikalı ekspertin sözlərinə görə, B.Lakerberqin əri kürd olduğundan, kürdlərə və PKK-ya rəğbəti var: “Ancaq qanunlara görə, cinayət sayıla biləcək hansısa hərəkəti təsbit edilməyib. Digər tərəfdən, onun Türkiyə-ABŞ münasibətlərinə təsir imkanı yoxdur”. Amerikalı terrorla mübarizə mütəxəssisi Timoti Tompson isə MKİ-nin PKK ilə əlaqələrinin olduğuna inanmır: “ABŞ PKK-nı terror təşkilatı elan edib, dövlət orqanlarında işləyən heç kim terror təşkilatı ilə onlara yardım etmək üçün əlaqəyə girə bilməz. Bu səbəbdən istər MKİ, istərsə də Dövlət Departamenti və ya Pentaqon PKK terror təşkilatı ilə heç bir əlaqə yarada bilməz”. Lakin Tompson vurğulayıb ki, bölgədəki durumdan o qədər də xəbəri olmayan və ya İraqın şimalındakı kürdlərin hansının PKK-çı olduğunu ayırd etməyən bəzi ABŞ rəsmiləri və ya iş adamları keçmişdə PKK ilə təmas qurublar: “Amma onlar MKİ və Dövlət Departamenti tərəfindən xəbərdar edilib”. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar