SON XƏBƏRLƏR

Türkiyədə hakim partiyaya qarşı məhkəmə davası son mərhələyə yaxınlaşır

2021.10.20, 07:36
Türkiyədə hakim partiyaya qarşı məhkəmə davası son mərhələyə yaxınlaşır

Gunaz.tv
Türkiyədə hakim partiyaya qarşı məhkəmə davası son mərhələyə yaxınlaşır ƏSAS MÜDAFİƏ CAVABINI KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ TƏQDİM EDƏN AKP PROSESİN TEZLİKLƏ YEKUNLAŞMASINI İSTƏYİR Türkiyənin Konstitusiya Məhkəməsi ölkənin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı açılmış məhkəmə davasında ilkin dinləmələrin vaxtını elan edib. Məhkəmənin qərarına əsasən, iyulun 1-də prosesdə iddiaçı tərəfin - baş prokuror Əbdürrəhman Yalçınkayanın ittiham çıxışı, iyulun 3-də isə AKP-nin vəkillərinin ilkin müdafiə çıxışı dinləniləcək. Bu təqvim hakim partiyanın ikinci (əsas) müdafiə cavabını məhkəməyə təqdim etməsindən sonra açıqlanıb. Qeyd edək ki, AKP ilkin müdafiəsini mayın əvvəlində təqdim etmiş, onun ardınca baş prokuror müvafiq ittiham sənədlərini məhkəməyə vermişdi. Hakim partiya əsas müdafiə cavabını isə vaxtından 13 gün tez (30 gün vaxt ayrılmışdı), iyunun 16-da yüksək məhkəməyə təqdim edib. Məhkəmə AKP-nin cavabını öyrənmək üçün iddiaçı tərəfə göndərib. Baş Prokurorun müvafiq cavabı təqdim ediləndən sonra Konstitusiya Məhkəməsinin xüsusi məruzəçisi dava ilə əlaqədar bütün məlumat və sənədlərin əsasında məruzə hazırlayacaq. Bu arada hər iki tərəf - baş prokuror və AKP məhkəmədə ittiham və müdafiə çıxışlarını davam etdirə, məhkəməyə əlavə sənədlər təqdim edə biləcək. Dava ilə bağlı məruzə Konstitusiya Məhkəməsi üzvlərinə paylandıqdan sonra sədr Haşim Kılıç həlledici qərar üçün toplantı gününü təyin edəcək. Prosedura əsasən, məhkəmə iclasına baş prokuror Yalçınkaya, sonra isə AKP rəhbərləri ayrı-ayrı dəvət olunacaqlar. Məhkəmənin yekun qərarı 11 üzvdən ən azı 7-nin səsi ilə qəbul olunacaq. Məhkəmə prosesinin iyulun sonu-avqustun əvvəlinə yekunlaşması gözlənilir. Bu isə nəticə etibarilə - məhkəmənin AKP-nin lehinə, yaxud əleyhinə qərarından asılı olmayaraq -Türkiyədə yeni siyasi situasiyanın yaranması demək olacaq. Xatırladaq ki, Türkiyə Ali Məhkəməsinin (Yarqıtay) baş prokuroru iddianaməsində Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP iqtidarını Türkiyənin dünyəvi dövlətçiliyinə qarşı çıxmaqda ittiham edərək hakim partiyanın fəaliyyətinə xitam verilməsini, baş nazir Ərdoğana, hökumətin daha bir neçə üzvünə, AKP-li deputat və bələdiyyə başqanlarına (cəmisi 70 nəfər) 5 il müddətinə siyasi fəaliyyət yasağı qoyulmasını tələb edir. Hakim partiyaya qarşı irəli sürülən ittihamların başında AKP-nin Türkiyədə türban yasağını aradan qaldırmaq yönündə fəaliyyəti yer alır. Məlum olduğu kimi, hakim partiyanın təşəbbüsü ilə bu ilin fevralında parlamentdə qəbul olunan və ali məktəblərdə başörtüsünə qoyulan qadağanı aradan qaldıran qanun iyulun 5-də Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib. Həmin qanunla Türkiyə Konstitusiyasının iki maddəsinə (10 və 42) düzəliş edilmiş və universitetlərdə türbanlı xanımların girişinə icazə verilmişdi. Məhkəmənin 11 üzvündən 9-nun lehinə, 2-nin əleyhinə (onlardan biri məhkəmənin sədri Haşim Kılıçdır) səsi ilə qəbul olunan qərarda sözügedən dəyişikliyin Konstitusiyanın təməl (dəyişdirilməsi mümkün olmayan) cümhuriyyət və laiklik (dünyəvilik) prinsiplərinə zidd olduğu nəzərə çatdırılır. Əksər müşahidəçilərə görə, məhkəmənin türbanla bağlı kritik qərarı hakim partiyaya qarşı qapatma davası üçün də əmsal (presedent) ola bilər. Əslində hakim partiya da özü üçün belə bir mənfi gedişatı artıq göz önünə alıb və məhkəməyə təqdim edilən müdafiə sənədində baş prokurorun iddialarına sərt cavabların yer alması buna sübutdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl bəyan etmişdi ki, AKP-nin məhkəmədəki müdafiəsi "demokratiya manifesti" olacaq və hakim partiya özü üçün alternativ addımlar ("B" və "C" planları) müəyyən edib. AKP-nin müdafiəsi üç fəsilə bölünməklə 402 səhifəlik geniş bir dosyedir. Birinci bölümdə müdafiənin ümumi hüquqi əsasları yer alıb, 92 səhifəlik ikinci bölümdə AKP-nin lideri, baş nazir Ərdoğana qarşı ittihamlara cavab verilir, üçüncü bölüm isə partiyanın siyasi fəaliyyət yasağı tələb olunan 70 təmsilçisi barədə müdafiəni əks etdirir. Ərdoğanın imzası ilə təqdim olunan cavab paketində baş prokurorun AKP-yə qarşı iddialarının tam qərəzli olduğu vurğulanır: "Fərqlilikləri düşmən olaraq görən, çoxpartiyalı yaşama, vətəndaş cəmiyyətinə, ziyalılara, din adamlarına və üzvü olduğumuz beynəlxalq qurumlara yönəlik şantajçı bir nəzər-nöqtəsi ilə üz-üzə qalmışıq. "Demokratik dünyəvilik" düşüncəsindən rahatsız olan bir anlayışın nə demokratiyanı, nə də dünyəviliyi qoruması mümkündür". Məhkəməyə cavabda xüsusi olaraq nəzərə çatdırılır ki, AKP-yə və onun liderinə qarşı irəli sürülən iddialar əsasən İnternet məlumatlarına əsaslanıb və əksər etibarilə "Google" axtarış saytından götürülüb. Hakim partiyaya görə, baş prokurorun açdığı dava əslində "bir "Google" məhkəməsidir". Məsələn, Ərdoğana qarşı ittihamlar içərisində onun müsahibələrinin birində "dünən necəydimsə, bu gün də eləyəm" açıqlaması xatırlanır və bu, baş nazirin siyasi keçmişinə (dinçi "Rifah" partiyası) bağlı olduğunu göstərən fakt kimi qeyd olunur. AKP-nin cavabında isə Ərdoğanın bu açıqlamada siyasətdən deyil, özəl yaşamı və ailə həyatından danışdığı nəzərə çatdırılır. Ərdoğana yönəlik bir ittiham da onun "dindaram" açıqlaması ilə bağlıdır, lakin AKP-nin vəkilləri bu açıqlamanın konstitusiyaya və qanunlara zidd olmadığını əsaslandırırlar. AKP-nin cavabında bir məqam xüsusi olaraq vurğulanır ki, o, 2001-ci il avqustun 14-də təsis olunub və bu tarixdən öncəki dövrü əhatə edən ittiham və iddiaların hakim partiyaya heç bir dəxli yoxdur. Hakim partiyanın öz müdafiəsini vaxtından öncə məhkəməyə təqdim etməsi onun prosesin tezliklə yekunlaşmasında maraqlı olduğunu göstərir. "Biz bu məhkəmənin uzanmasını istəmirik. Türkiyədə ilk dəfədir ki, iqtidardakı bir partiyanın qapadılması ilə bağlı iddia qaldırılıb. Biz hazırda bunun gətirdiyi bir çox problemləri yaşayırıq", - deyə baş nazirin müavini və hökumət sözçüsü Cəmil Çiçək bildirib. Baş nazir Ərdoğan isə hakim partiyaya qarşı yönəlmiş addımların nəticə etibarilə Türkiyənin inkişaf və istiqrarına qarşı yönəldiyini bir daha nəzərə çatdırıb. Dünən Türkiyə İnvestisiya Konsaltinq Şurasının toplantısında çıxış edən Ərdoğan AKP-nin iqtidarı dövründə ölkənin böyük iqtisadi uğurlar əldə etdiyini, o cümlədən 2002-ci ildə 230 milyard dollar olmuş ÜDM-in 659 milyarda, Türkiyənin 36 milyard dollarlıq ixracatının isə 120 milyard dollara çatdığını vurğulayıb. Ərdoğan bəyan edib ki, AKP hökuməti bütün təhdidlərə rəğmən ölkəni inkişaf yolunda aparmaqda qərarlıdır və bunun üçün "son dəqiqəyədək əzmlə mübarizə aparacaq". Onu da qeyd edək ki, bu günlər Türkiyənin hakim partiyası ilə yanaşı, parlamentdə təmsil olunan digər bir partiya - 20-dək kürd əsilli millət vəkili olan Demokratik Toplum Partiyası (DTP) da bağlanma təhlükəsi ilə üz-üzədir. Baş prokuror bu ilin yanvarında "kürd partiyası"na qarşı terror fəaliyyətini dəstəkləmək (PKK ilə ilişkilər) iddiası ilə dava açıb. Artıq Konstitusiya Məhkəməsi DTP ilə bağlı prosesin ilkin təqvimini də elan edib: iyunun 24-də məhkəmə baş prokurorun, 26-da isə DTP təmsilçilərinin çıxışını dinləcəyəcək. AKP-nin məhkəməsindən bir həftə öncə başlanacaq bu proses hakim partiyaya qarşı dava üçün də müəyyən presedent doğura bilər. Vüqar ORXAN 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar