SON XƏBƏRLƏR

Türkiyədə hicaba Konstitusiya qadağası - alqışlayırıq!

2021.10.20, 07:36
Türkiyədə hicaba Konstitusiya qadağası - alqışlayırıq!

Gunaz.tv
Xaliq Bahadır Türkiyədə hicaba Konstitusiya qadağası - alqışlayırıq! Türkiyə Konstitusiya Məhkəməsi parlamentin yüksək oxullarda hicaba yol verən qərarını götürdü. Biz Türkiyə Konstitusiya Məhkəməsinin bu qərarını dönə-dönə alqışlayırıq! Türkiyə Konstitusiya Məhkəməsi Demokratiya, Türk-Atatürk ideallarına üstünlük qazandırdı. Yurddaşlarımızın, soydaşlarımızın gözü aydın! Azərbaycanda da belə olmalıdır, belə olacaq! Hansı biçimdə olur-olsun, gerilikçiliyə-irticaya yox deyirik, deyəcəyik! Azərbaycandakı bir sıra din liderlərinin bu qərara baxışı gözlənildiyi kimi oldu. Onlar qərardan acıqlandıqlarını gizlədə bilmirlər. Hamısına qarşılıq olaraq onlardan birinin dediklərini incələməyi gərəkli sayırıq. “Bunun qəbul edilməsi əslində türk toplumunu demokratiya və insan haqları standartlarından tam surətdə təcrid etməkdir”. Gəlişi gözəl sözlərdir, ancaq islamın demokratiya ilə nə işi? Nəyə görə islamçılara demokratiyadan öz ustanovkalarına uyğun yararlanmağa yol verilməlidir? Kimlərsə islamda demokratiyadan çox danışır, ancaq burasını demirlər: nəyə görə islamın beşiyi olan 22 ərəb dövlətindən birindəsə də demokratiya işartısı yoxdur? Nəyə görə özünü dünyaya islamın başlıca dayağı olaraq tanıtmağa çalışan Iran Islam Respublikasında demokratiya, insan hüquqları dönməz bir ardıcıllıqla tapdanmaqdadır? Nəyə görə bu ölkədə QIRX MILYONLUQ AZƏRBACAN TÜRKÜNÜN TANRIDANGƏLMƏ HÜQUQU - ANA DILINDƏ DANIŞMAQ HÜQUQU ƏLINDƏN ALINIR? Budurmu sizin islam demokratiyanız? Nəyə görə Irandan yönələn tapşırıqlara uyğun olaraq Fələstin ərəblərinin hüquqları uğrunda Israil bayrağını dönə-dönə yandıran Azərbaycan islamçıları “Ermənistan”da, Qarabağda minlərlə Azərbaycan türkünü qıran, Xocalı soyqırımını törədən, yüzlərlə məscidləri yıxan ermənilərlə qardaşlıq-bəradərlik yapan Iran Islam Respublikasının bayrağını öpürlər? Farslar üçün (elə ərəblər üçün də) din milli maraqlara qulluq alətidir. Türklərdə bu yoxdur. Bunun olmaması, girdiyi dinə bütün varlığı ilə tapınma türkləri tarix boyu türklükdən uzaqlaşdırıb. Türkün bu “boş damarından” (gerçəkdə, bu, Türkün böyüklüyü, ucalığı deməkdir!) Doğuda da, Batıda da çoxları yararlanıb, indi də yararlanmağa çalışanlar var. Türkün gücündən qorxanlar onun hansı din olur-olsun, o dinə bütünlüklə, fanatikcəsinə uğraşaraq türklük gələnəklərindən bütünlüklə uzaqlaşmasını istəyirlər. Bir daha deyirik: Doğuda da, Batıda da belədir! “Hicab təməl insan haqlarına aid olan vicdan azadlıqlarının tərkib hissəsidir. Burada dünyəviliyi bəhanə gətirmək heç bir yerə sığmır”. Sən demə, bu, “antidemokratik və irticavi mahiyyəti gizlətmək üçündür... Düşünün, görün bunlar insan hüquqları, demokratiya prinsiplərindən öz maraqları üçün necə ustalıqla yararlanmağa çalışırlar. Bu gün Azərbaycanda, Türkiyədə çoxlu sayda demokrat bürüncəyinə bürünmüş din lideri var. Onlar özlərinin ərəb-fars maraqları ilə üst-üstə düşən maraqları üçün Azərbaycanda da, Türkiyədə də islama geniş demokratiya qazandırılmasına çalışırlar. Ancaq bu, zülmə, zülmkara qarşı üsyan eləyən, ”ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram" deyən imam Hüseyn islamı deyil. Bu, “Haqsızlıq önündə susan dilsiz şeytandır” deyən Məhəmməd islamı da deyil. Bu başqa islam, bu başqa dindir - zalımlarla qardaşlıq, zalımlarla yoldaşlıq dini. Məhəmməd peyğəmbər: “Ümmətim üçün mənəviyyatı məhv eləyən mühitdən qorxuram” deyirdi. Bu ölkənin din başçısı mənəviyyatı məhv eləyən mühitə səs verməyə çağırır. Onun ardınca “Lazım ağa ocağı” onun çağırdığına çağırır. Dinin- “ocağın” haqqa deyil, nahaqqa səs verdiyi yerdə millətin yalnız qadınlarını deyil, kişilərini də hicaba bürümək gərəyi yaranır - şeytan gerçəklərini görməmək, anlamamaq üçün!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar