SON XƏBƏRLƏR

TÜRKİYƏNİ ŞOKA SALAN HƏBSLƏRƏ ORDUDAN REAKSİYALAR GƏLDİ

2021.10.20, 07:36
TÜRKİYƏNİ ŞOKA SALAN HƏBSLƏRƏ ORDUDAN REAKSİYALAR GƏLDİ

Gunaz.tv
TÜRKİYƏNİ ŞOKA SALAN HƏBSLƏRƏ ORDUDAN REAKSİYALAR GƏLDİ Silahlı qüvvələr generalların həbsinə razılıq verdiyini inkar edir, ancaq baş verənlərə də qarışmır Saxlanılanlar arasında PKK-ya qarşı əməliyyatların iştirakçıları da var 3930.jpg Türkiyədə iyulun 1-də, cümhuriyyət baş prokurorunun AKP-nin bağlanması iddiası üzrə Konstitusiya Məhkəməsində şifahi ittihamla çıxışı ərəfəsində aparılan şok həbslərin yeni təfərrüatları məlum olub. Yerli mətbuatın yazdığına əsasən, əməliyyat bir neçə gün əvvəl hazırlanıb, həbsləri həyata keçirmək üçün bir neçə polis qrupu yaradılıb, hər qrupa başçılıq edən zabitlərə xüsusi surğuclu sarı paketlər verilib. Həbs olunacaq şəxslərin adları və ünvanları yer alan həmin paketlərin ancaq əməliyyata start verilərkən açılması tapşırılıb. Xəbər verildiyi kimi, qəfil əməliyyat zamanı aralarında iki ordu generalı da olmaqla 24 şəxs həbs edilib. Daha sonra məlum olub ki, həbs edilənlər arasında cəmi 4 general var. 1-ci Egey ordusunun keçmiş komandanı Xurşud Tolon və jandarma qüvvələrinin keçmiş komandanı Şener Eruyğurla yanaşı istefada olan briqada generalları, jandarma kəşfiyyatının keçmiş rəhbəri Ləvənt Ersöz və İlkər Güvən də həbs ediliblər. Sonuncu iki generalın İstanbulda həbs edildiyi bildirilir. Məlumatlara görə, həbslər eyni zamanda Adana, Trabzon və Ərzrumda da aparılıb. Həbs edilənlər arasında bir neçə jurnalist və yazar da var. Bunlardan “Cümhuriyyət” qəzetinin Ankara bürosunun rəhbəri Mustafa Bilbay, “Toplumsal haber” adlı saytın yazarları Hamza Dəmir, Nəriman Aydın, “Tərcüman” qəzetinin baş redaktoru Ufuk Böyükçələbi, TRT kanalının müxbiri Murat Avarın adları həbs edilənlər arasında yer alır. Həmçinin əməliyyatlar zamanı polkovnik və kapitan rütbəli bir neçə istefada olan zabit də həbs edilib. Tanınmış iş adamı, Ankara Ticarət Dərnəyinin rəhbəri Sinan Aygünün də həbs edilməsi haqda xəbər vermişdik. Mətbuatın yazdığına görə, “Ergenekon” istintaqını aparan prokurorlar ötən həftə sonu İstanbulda toplantı keçirib və bu zaman həbs ediləcək şəxslərin adları, iş yerlərinin və evlərinin ünvanları müəyyən edilib. Həbsləri həyata keçirmək üçün 40 ayrı-ayrı polis qrupu yaradılıb. Həbsləri həyata keçirmək üçün cəmi 6 min polisin cəlb olunduğu bildirilir. Daha sonra İstanbul Ağır Cəza Məhkəməsindən həbslər barədə sanksiyalar alınıb. Nəhayət, iyulun 1-də səhər tezdən əməliyyatlara start verilib. Həbs edilənlərin həmin gün axşam dindirilmək üçün İstanbula aparıldıqları bildirilir. Mətbuatın yazdığına görə, əməliyyat zamanı general Ləvənt Ersözü həbs etmək üçün birinci cəhd baş tutmayıb. Onun evində aparılan əməliyyatlar zamanı generalı tapmaq mümkün olmayıb, yalnız axşam saatlarında onun yeri müəyyən edilib və həbs olunub. Ersöz jandarma qüvvələrinin kəşfiyyat xidmətinin keçmiş rəhbəri kimi bir sıra xüsusi təyinatlı əməliyyatlara başçılıq edib, o cümlədən ölkənin cənub-şərqində PKK-ya qarşı xüsusi əməliyyatların aparılmasını təşkil edib. Hökumətə bağlı media yazır ki, Ersöz general Eruyğurla birlikdə bir neçə il əvvəl AKP-yə qarşı hərbi çevriliş planlarına dair müzakirələrdə iştirak edib. Ersözlə birlikdə jandarma texniki izləmə xidmətinin keçmiş rəhbəri, istefada olan polkovnik Atilla Uyğur da həbs edilib. Məlum olub ki, Uyğur vaxtilə PKK-ya qarşı bir sıra gizli əməliyyatlarda iştirak edib, 1999-cu ildə PKK lideri Abdullah Öcalan həbs edilərkən onu dindirənlərdən biri olub. Əvvəlcə mətbuat diqqəti ona yönəltmişdi ki, “Ergenekon” əməliyyatında son həbslərdən iki gün əvvəl quru qoşunları komandanı, yaxın aylarda Baş Qərargah postunu tutacaq İlkər Başbuğ baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı generalların həbsinə yaşıl işıq yandırıb. Lakin Başbuğ dünən mətbuat qarşısına çıxaraq bu iddiaları rədd edib. O bəyan edib ki, Ərdoğanla görüşü zamanı qətiyyən “Ergenekon” məsələsi ilə bağlı hər hansı müzakirə aparmayıb: “Həbslərin guya mənimlə razılaşdırıldığı haqda ortaya atılan iddialar Türkiyə Silahlı Qüvvələrini gözdan salmağa, komandanlıq heyəti daxilində şübhələr formalaşdırmağa yönələn kampaniyanın bir hissəsidir. Türkiyə çox çətin dönəmdən keçir və bu dövrdə hər kəsin üzərinə böyük məsuliyyət düşür, hər kəs bu çətin dönəmdə sağlam düşüncə ilə hərəkət etməlidir”. Mətbuatda ortaya atılan növbəti iddia isə ordu generallarının silahlı qüvvələrə məxsus hərbi şəhərcik ərazisində həbsi üçün Baş Qərargahın icazəsinin olduğu bildirilirdi. Baş Qərargah isə dünən qısa rəsmi açıqlama yayaraq bu məsələyə aydınlıq gətirib. Açıqlamada deyilir ki, Türkiyə cinayət məcəlləsinə görə, hərbi şəhərciklərdə axtarış-əməliyyat tədbirləri həyata keçirmək üçün Ağır Cəza Məhkəmələrinin sanksiyası lazımdır, bu əməliyyatlar hərbi qurumların iştirakı ilə keçirilməlidir. “Həmin qərar əsasında hərbi şəhərciklərdə axtarış əməliyyatları hərbçilər tərəfindən prokurorların iştirakı ilə aparılıb”, deyə açıqlamada bildirilir. Baş Qərargah neçə vaxtdır davam edən istintaq çərçivəsində vaxtilə orduya mənsub olan bəzi şəxslərin saxlanıldığını vurğulamaqla yanaşı aparılan həbslərə dair mövqe bildirməyib. Bununla da baş verənlərə qarışmamaq niyyətini ortaya qoyub. Hökumətə bağlı media isə əvvəlki həbslərdə olduğu kimi bu dəfə də həbs edilənlərin hansı cinayətlərdə şübhəli bilindiklərinə dair silsilə yazılar verməyə başlayıblar. Bu yazılarda deyilir ki, həbs edilən ordu generalları silahlı terror təşkilatı adı verilən “Ergenekon”a başçılıq ediblər, Britaniyanın “The İndependent” qəzeti isə Türkiyə mətbuatına istinad edərək həbs edilənlərdən general Xurşud Tolonun Nobel mükafatı laureatı yazıçı Orhan Pamuka sui-qəsd hazırladığını iddia edib. Qeyd edək ki, istintaqın 1 ildən çoxdur davam etməsinə və onlarla adamın bu müddət ərzində həbsdə saxlanılmasına baxmayaraq, hələ də həbs olunanlara qarşı rəsmi ittiham irəli sürülməyib. Bununla da prosessual qaydaların pozulduğu bildirilir. Lakin son həbslərdən sonra prokurorluqdakı mənbələrdən məlum olub ki, ittiham aktının hazırlanması başa çatmaq üzrədir və çox güman ki, bir həftə ərzində bu iş yekunlaşacaq. İddialara görə, ittiham aktı təxminən 8 milyon səhifədən ibarətdir. Başqa bir məlumata görə, həbs edilənlərdən Sinan Aygünün ofisində “Glosk” markalı tapança tapılıb. Əvvəlcə bu silahın hansısa sui-qəsdlərdə istifadə edilə biləcəyinə dair şübhələr ortaya atılsa da, ballistik ekspertizadan sonra açıqlanıb ki, silah təmizdir, yəni hər hansı cinayətdə istifadə edilməyib. Bu ərəfədə Türkiyə Odalar və Borsalar Bürosunun başqanı Rüfət Hisarcıkoğlu bildirib ki, Aygünün təhlükəli terrorçu kimi evinə və iş yerinə onlarla polis tərəfindən basqın edilərək həbs olunmasını pisləyir. O deyib ki, ölkənin ən layiqli iş adamlarından biri olan Aygün dəvət edilərdisə, istintaqa ifadə verməyə könüllü gedərdi. Lakin onun haqqında hər hansı cinayətə dair dəlillər olmadan iş adamının quldur kimi həbs edilməsi başa düşülən deyil. Hisarcıkoğlunun fikrincə, indi Türkiyədə elə vəziyyət yaranıb ki, kimsə axşam yatanda sabah hansı durumla üzləşəcəyini bilmir. O, baş verənlərin Türkiyədəki hərbi çevrilişlər dövrünü xatırlatdığını deyib. Məlum olub ki, həbs edilənlərdən Mustafa Bilbay ifadə verməkdən imtina edib və susmaq haqqından yararlanıb. General Tolonun vəkili isə onun kondisionerli otaqda təkbaşına saxlanıldığını, hələlik nədə şühbəli bilindiyi haqda ona heçnə deyilmədiyini bildirib. Vəkil deyib ki, generalın durumu ilə bağlı qeyri-müəyyənlik hökm sürür, o, saxlama şəraitindən şikayətçi deyil: “İllərlə PKK-ya qarşı mübarizədə dağlarda yatan adamdır, belə şəraitə dözmək ona çətin olmaz”. Xarici mətbuat isə baş verənləri şərh edərkən həbslərin məhz AKP-yə qarşı şifahi ittiham oxunduğu gün aparılmasına diqqəti cəlb edir. Bildirilir ki, bu həbslərlə AKP-yə qarşı açılan məhkəmə iddiasının əhəmiyyəti kiçildilmiş olur. Digər tərəfdən, həbs edilənlərin hamısının AKP-yə müxalifətdə olan və Atatürk ideyalarına sadiq insanlar olmasına diqqət yönəldilir. Bu baxımdan baş verənlər Türkiyədə islamçı Ədalət və İnkişaf Partiyası ilə dünyəvi dövlətə sadiq Atatürkçü çevrələr arasında uzun müddətdir davam edən çəkişmənin təzahürü kimi qiymətləndirilir. Beləliklə, bu çəkişmədə AKP təslim olmaq niyyətində olmadığını göstərib və cümhuriyyət tarixində ilk dəfə ordu generallarını siyasi motivlərlə həbs edəcək cəsarəti göstərib. Sabah AKP Konstitusiya Məhkəməsi qarşısında Cümhuriyyət baş prokurorunun ittihamına cavab verməlidir. AKP adından məhkəmə üzvləri qarşısında hökumət sözçüsü və baş nazirin müavini Cəmil Çiçək çıxış edəcək. Məlum olub ki, baş prokuror Əbdürrəhman Yalçınqaya nitqində AKP-nin Türkiyədə dünyəvi dövlətə qarşı təhdid olduğunu deyərək hakim partiyanın bağlanmalı olduğu haqda mövqeyini bir daha təkrarlayıb. Prokuror nitinqdə son günlər cərəyan edən hadisələrə toxunaraq bildirib ki, Fətullah Gülənin ittiham olunduğu dövlət çevrilişi hazırlamaq cinayətində bəraət alsa da, onun dini icma lideri stausu dəyişmir. Bu baxımdan Gülənə bəraət verilməsi qərarı ona bağlı olan AKP-nin bağlanmaması üçün əsas ola bilməz. Prokuror həmçinin AKP başqan yardımçısı Dengir Mir Mehmet Fıratın xarici mətbuata açıqlamasında “Atatürk inqilabları Türkiyə cəmiyyətində travma yaratdı” fikrini də hakim partiyanın dünyəvi dövlətə qarşı olmasını göstərən dəlillərdən biri kimi təqdim edib. Prosedura görə, AKP-nin müdafiə çıxışından sonra məhkəmə iddiaya baxılması üçün gün müəyyən edəcək. Həmin vaxta qədər AKP müdafiə üçün əlavə vaxt istəyə, prokuror isə əlavə dəlillər təqdim edə bilər. F.Məmmədov musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar