SON XƏBƏRLƏR

Türkiyənin qələbəsi və... qəbul olunan dualar.Nicat İntiqam

2021.10.20, 07:36
Türkiyənin qələbəsi və... qəbul olunan dualar.Nicat İntiqam

Gunaz.tv
Türkiyənin qələbəsi və... qəbul olunan dualar Nicat İntiqam Həmkarım Anar Hacı ilə mağazaya daxil olanda axşam Türkiyə-Xorvatiya oyununun olacağını nəzərə alıb, alış-veriş siyahımıza bir neçə əlavələr etdik. Anarla tum çırtlaya-çırtlaya, zarafatlaşa-zarafatlaşa, ildə bir dəfə də olsa valideynlərdən xəbərsiz siqaret çəkə-çəkə futbol izləməyin öz ləzzəti var. Anarla futbol izləməyin digər bir üstün cəhəti də odur ki, o uzun müddət Azərbaycanın tanınmış idman qəzetlərində çalışıb və bu səbəbdən təcrübə öz sözünü deyir, yəni onun verdiyi proqnozlar əksər hallarda özünü doğruldur. Məsələn, Türkiyə-Xorvatiya oyununun uzatma dəqiqələrinə gedəcəyini Anar Hacı bir neçə gün öncədən söyləmişdi... *** Futbol üzrə Türkiyə yığma komandası, sözün həqiqi mənasında, fantastik oyun nümayiş etdirir. Bu səbəbdən oyunu seyr edərkən əsəbləri cilovlamaq və ən əsası, yerində sakit durmaq mümkün deyil... Türkiyə-Çexiya oyununda vurulan möhtəşəm qollardan sonra “QOOOL” deyib, sevincdən necə hayqırdıqsa, ertəsi gün səs-küy saldığımız üçün qonşulardan xəbərdarlıq aldıq. Amma Xorvatiyanın qapısına Semihin son saniyələrdə vurduğu qoldan sonra dünyanı da unutduq, qonşuların xəbərdarlığını da... Buna görə də ertəsi gün evdən çıxarkən qonşular bizi görməsinlər deyə əvvəlcədən “kəşfiyyat” apardıq. *** Türkiyə - Xorvatiya oyunundan sonra həyətdə bir hay-küy vardı, gəl görəsən. Məhəllə uşaqları “Türkiyə-Azərbaycan” deyib, elə ürəkdən bağırırdılar ki, elə bil Azərbaycan Qarabağı geri qaytarmışdı. *** Rusiya da qonşumuzdur və orada qeyri-rəsmi məlumatlara görə, 2 milyondan çox həmyerlimiz yaşayır. Amma Rusiya-Hollandiya üzərində 3-1 hesabı ilə qələbə qazananda o qədər də sevinmədik. Heç həyətdə də “Rusiya, Rusiya” qışqırıb hay-küy salanlar da yox idi. Rusiya 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mənim millətimi, onun qəhrəman oğlanlarını gülləbaran edib, Ermənistan torpaqlarımızı işğal edəndə ona dəstək göstərib. Bu səbəbdən insanlarımızın aktiv olmaması normaldır, məncə... *** Kim nə deyir - desin, mənə elə gəlir ki, Türkiyə-Xorvatiya oyununda sona bir neçə saniyə qalmış Semihin vurduğu möhtəşəm qol milyonlarca türksevərlərdən hansınınsa səmimi-qəlbdən etdiyi duanın qəbul olunduğu an idi. Bunun başqa adı yoxdur. Ancaq o duanın sahibinin kim olduğunu Sahibimizdən başqa heç kim bilmir... *** Türkiyə növbəti oyununa hazırlaşır. Ancaq heyətdə kifayət qədər itkilər var. Məsələn, Fatih Terim bu dəfə komandanın lideri Nihat Kahvecinin xidmətindən yararlana bilməyəcək. Xorvatiya ilə matçda əzələsi dartılan kapitanın zədəsi ciddidir və onun üçün “Avro-2008” artıq başa çatıb. Belə ki, müayinə 29 yaşlı hücumçunun 6 həftə yaşıl meydandan kənardan qalacağını aşkara çıxarıb. Xorvatlarla gorüşdə cəzalı duruma düşən müdafiəçi Əmrə Aşık, orta xətt oyunçuları Arda Turan və Tuncay Şanlı da almanlara qarşı oynamayacaqlar. Qapıçı Volkan Dəmirəlin cəza müddəti başa çatmadığı üçün o da yarımfinal görüşündə iştirak edə bilməyəcək. Zədəli müdafiəçi Əmrə Güngör, həmçinin yarımmüdafiəçi Tümər Mətin də meydana çıxa bilməyəcəklər. Türkiyə yığmasının əsas kapitanı Əmrə Belozoğlu və müdafiənin dirəyi Sərvət Çətinin zədəsi isə düzəlib və fiziki hazırlığı normal olarsa, onun yarımfinalda meydana çıxacağı gozlənilir. Ümumilikdə isə 9 futbolçusunu itirən Fatih Terimin sərəncamında biri qapıçı olan 14 oyunçu qalıb. Nəticənin necə olmasından asılı olmayaraq səninləyik, Türkiyə... *** Canım Azərbaycan, görəsən səni təmsil edən futbol komandasının Avropa çempionatında oynadığını və qələbə çaldığı anları da yaşamaq bizə nəsib olacaqmı? Əminəm ki, həmin gün biz türkiyəlilərin qələbəsinə sevindiyimiz kimi, türkiyəlilər də bizim qələbəmizə sevinəcəklər... Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar