SON XƏBƏRLƏR

Türkiyənin yeni təhlükəsizlik sistemi təklifi

2021.10.20, 07:36
Türkiyənin yeni təhlükəsizlik sistemi təklifi

Gunaz.tv
Türkiyənin yeni təhlükəsizlik sistemi təklifi Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin əlamətləri Qafqazda yeni təhlükəsizlik sisteminin yaradılması şansı meydana gəlib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Tbilisidə bu barədə diqqətləri çəkən bəyanat verib. Ərdoğan Türkiyənin Gürcüstanla yeni müqavilə imzalayacağını və orada təhlükəsizliyin təmininin geniş yer alacağını bildirib. Daha konkret desək, bundan sonra Gürcüstana təcavüz olsa, Türkiyə və Gürcüstan birgə mübarizə apara biləcəklər. Türkiyə Gürcüstanı İstikrar Paktı adlanan sənədə əlavə etməyi qərara alıb. Bunun zərurətini Türkiyənin baş naziri həm geosiyasi, həm də tarixi arqumentlərlə izah edib. Həmin sırada enerji məsələsi də önəmli yer tutur. O cümlədən, Bakı-Ceyhan və Bakı-Ərzrumun təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin yaradılması nəzərdə tutulur. Ərdoğan bu məsələni önümüzdəki həftə Bakı səfərində müzakirə etməyi planlaşdırır. Bunlar Qafqazın taleyi baxımından çox önəmli mesajlardır. Burada bir neçə məqama diqqət yetirmək lazımdır. Birincisi, Türkiyə Qafqaza ağırlığını qoyur. O, müstəqil olaraq bölgədə liderliyini və bunun da təhlükəsizliyin təmini məsələsinə də aid olduğunu ifadə edir. Türkiyənin bu fəallığı onun Qafqazda mövqeyini daha da möhkəmləndirəcək və Rusiya ilə yarışda divident əldə etmiş olacaq. İkincisi, təhlükəsizliyin təmini üçün Türkiyə-Azərbaycan-Gürcüstan üçlüyünün daha sıx əməkdaşlığı mərhələsi başlayır. Artıq bu məsələ konkret sənədlə təsbit edilməlidir. Söhbətin faktiki olaraq Qafqaz evinin yaradılmasından getdiyini asan dərk etmək olar. Burada diqqəti çəkən Ermənistanın yenə də kənarda qalmasıdır. Yəni Ermənistan indi birmənalı olaraq Rusiyanın yanında olduğunu nümayiş etdirir. Bu məqamı Qərbin nə dərəcədə nəzərə alacağını zaman göstərəcək. Üçüncüsü, Türkiyənin bu təklifi bir tərəfdən Rusiyaya mesajdır, digər tərəfdən isə GUAM formatının perspektivini daha da artırır. Azərbaycan və Gürcüstanın daxil olduğu təhlükəsizlik sisteminə Ukraynanın da qoşulması mümkündür. Bununla da Türkiyənin patronajlığı ilə faktiki olaraq GUAM-ın təhlükəsizlik sistemini qurmaq olar. Nəhayət, Qafqaz üçlüyünün yaradılması bölgədə uzunmüddətli etibarlı təhlükəsizlik sistemi yaratmaq deməkdir. Uzunmüddətli təhlükəsizlik, eyni zamanda Qərbə inteqrasiyanın xeyrinə olandır. Çünki burada enerji təhlükəsizliyi önəmli yer tutur. Bu da Qərbi məmnun etməklə yanaşı, onun dəstəyini təmin edir. Eyni zamanda, Orta Asiya dövlətlərinin həmin layihələrə qoşulması inamını artırır. Bütün bunlara Rusiyanın cavabı gecikmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Gürcüstanın torpaq bütünlüyü məsələsi artıq ölü məsələdir", deməklə sinirləri daha da gərdi. Deməli, Rusiya Gürcüstanın ərazi bütövlüyünə qəsd etməkdə davam edəcək. Təbii ki, bu məqamlar vəziyyətin olduqca ağır olduğunu göstərir. Lakin Qərbin Türkiyəyə yardım edəcəyi şübhəsizdir. Bunlar Qafqaz üçlüyünün daha da güclənmə şansının olmasını ifadə edir. Mübarizənin uzun müddət davam edəcəyinə şübhə olmadığından perspektivdə Rusiyanın geri çəkilməsini təxmin edən politoloqların sayı çoxdur. Türkiyənin Orta Şərqlə yanaşı Qafqaza da ciddi təsir etmək qərarına gəlməsi yeni geosiyasi situasiyadır. Bu bağlılıqda Azərbaycanın da imkanlarının artması gözləniləndir. O cümlədən, Dağlıq Qarabağ məsələsində çox maraqlı dəyişikliklər ola bilər. Bu dəyişikliklər münaqişənin həllinin formatını belə dəyişə bilər. Təbii ki, bütün bunlar Türkiyənin baş nazirinin Tbilisidə verdiyi bəyanatlardan yaranan fikirlərdir. Əgər Türkiyə bu dediyini həyata keçirsə, doğurdan da dəyişikliklər mümkündür. Ancaq məsələnin nə qədər həssas olduğu da unudulmamalıdır. Rusiyanın sadəcə passiv müşahidəçi olaraq qalacağına inanmaq olmaz. O baxımdan Türkiyənin yeni təhlükəsizlik sistemi təklifinə hələ nəzəri model kimi baxmağa məcburuq. Bununla yanaşı, bölgə üçün önəmli mesajların verildiyi də şübhəsizdir. Dünya anlamalıdır ki, Qafqazda təhlükəsizliyi təmin etmək üçün çox əmək sərf etməlidir. Buralarda boş vədlərlə nəyəsə nail olmaq mümkün deyil. Bunları Qərbə Rusiya silahları və sərhədsiz təcavüzkar hərəkətləri ilə anlatdı. Ona görə də Qərbin Türkiyənin təşəbbüsünə diqqətli olması lazım gəlir. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar